Məcid Cavadi:Fars-molla rejimi Güney Azərbaycanı itirdiyini qəbul edir
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə İranda, fars toplumunda anti-Azərbaycan və antitürk duyğular hər zaman olub. Lakin son illərdə bu, demək olar ki, ən zirvə nöqtəyə çatıb. İkinci Qarabağ müharibəsi və ondan sonra inkişaf edən hadisələr fonunda İranda anti-Azərbaycan mövqeyi daha da qabarıb”.
Bunu İrandakı son kitab olayını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Məlumat üçün bildirək ki, İranın doqquzuncu sinif “Müdafiə hazırlığı” dərs kitabının üz qabığında bir fotokollaj yerləşdirilib. Həmin kollajda raket başlıqları İranın mərkəzindən Azərbaycana və Təbriz şəhərinə doğru atəşlənib.
Bu müharibə İranın fars-molla rejiminin iç üzünü açdı
Onun sözlərinə görə, kitabın üz qabığındakı fotokollaj heç də təsadüfi deyil: “Dediyim kimi, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra İranda anti-Azərbaycan əhval-ruhiyyə artıb. Bu, eyni zamanda fars millətçiliyinin İranda daha da artmasından irəli gəlir. Əslində, bu müharibə İranın fars-molla rejiminin iç üzünü açdı. Bəlli oldu ki, din sadəcə mövcud rejimin əlində bir vasitədir. Reallıqda isə müharibə zamanı İran müsəlman Azərbaycanın deyil, xristian Ermənistanın yanında yer aldı, işğalçı Ermənistana hər cür yardım göstərdi. Bu da fars-molla rejiminin islam dininə nə qədər “sədaqətli” olduğunun əyan sübutu idi”.
Fars-molla rejimi açıq şəkildə Ermənistanın yanında olduğunu bəyan etdi
M. Cavadi deyib ki, İranın Azərbaycana qarşı mövqeyi Zəngəzur dəhlizi məsələsində də ortaya qoyuldu: “Bu məsələdə də fars-molla rejimi açıq şəkildə Ermənistanın yanında olduğunu bəyan etdi. Əbülfəzl Zöhrəvənd kimi tanınmış diplomatın dili ilə bunu açıq şəkildə bildirdilər. Mən bunları təsadüfən yenidən xatırlatmıram. Bu gün bəhs etdiyimiz “Müdafiə hazırlığı” dərs kitabının üz qabığında məlum foto-kollajın peyda olması təsadüfi deyil, məhz fars-molla rejiminin anti-Azəbaycan siyasətinin nəticəsidir. Onu da qeyd edim ki, mən bu kitabın ötən illərdəki üz qabığına da baxdım. Əvvəlki illərdə üz qabığı belə deyil. İndi bunlar bu üz qabığını dəyişiblər. Maraqlı məqam odur ki, üz qabığındakı fotokollajda İranın bütün əyalətlərinə simgələr qoyublar. Lakin Azərbaycan hissəsində boşluq var və İranın mərkəzindən – Kərəc, Qəzvin bölgələrindən Təbrizə doğru iki raket atəşlənib”.
“Beləliklə, yuxarıda sadaladığım məqamları da nəzərə alaraq bu kitabda əks olunanların təsadüfi olduğunu düşünmürəm. Zatən İranda belə şeylər təsadüf olmaz. Ümumiyyətlə heç bir ölkədə belə təsadüf ola bilməz. Çünki bu cür dərs kitabları onlarla, bəzən yüzlərlə adamın nəzarətindən, qurumların analizindən keçir”, – deyə müsahibimiz bildirib.
Bütün İran şagirdlərinin şüuruna bu düşüncəni yeridirlər
O, qeyd edib ki, xüsusilə də bu kitabdakı fotokollaj heç bir halda təsadüf ola bilməz: “Çünki baxanda bunun hər bir nöqtəsinin, hər bir guşəsinin mesajı var”.
Qeyd olunub ki, məsələni daha da aktual və qorxulu edən məqam isə, belə bir fotokollajn məhz məktəb dərsliyinin üz qabığında peyda olmasıdır: “Qəzetdə bir reportaj verərsən, oxunar gedər. Bir film çəkərsən baxılar, beş gün sonra unudular. Amma dərs kitabı fərqli bir şeydir. Bu dərs kitabını sən milyonlarla uşağın əlinə verirsən və onlar ilboyu o kitabı oxuyur, öyrənir. Gələn il də yenə əlavə milyonlarla uşağa verirsən. Demək olar ki, sən bu düşüncə, bu məfkurə ilə bir nəsil yetişdirirsən. Deməli, bunlar Azərbaycan düşmənliyini, türk düşmənliyini o mərhələyə çatdırıblar ki, bütün İran şagirdlərinin şüuruna bu düşüncəni yeridirlər. Onlara təlqin edirlər ki, ora bizim düşmənimizdir, bir zamanlar ora raketlər atmalıyıq. Çünki elə bənzər sözləri illərdir İran dövlətinin rəsmi şəxslərinin dillərindən eşidirik. Biri deyir, Azərbaycan gec-tez bizdən ayrılacaq, ora sərmayə qoymamaq lazımdır. Biri deyir, siz elə bilirsiniz onlar İranda qalacaqlar? Yəni bunlar həm coğrafi, həm də milli baxımdan Azərbaycanı itirdiklərini qəbul ediblər. Əlbəttə, bunlar keçmişdə də Azərbaycanı bombardman ediblər. Şahın uçaqları 1945-ci ildə Təbrizi bombardman etdi. 1980-ci ildə Xomeyni Ayətullah Şəriətmədarini Təbrizi bombardman etməklə təhdid edərək geri çəkilməyə məcbur etdi. Yəni bunlarda belə bir tarixi zehniyyət var”.
Bu, bir növ erməni siyasətinə bənzəyir
“Bir sözlə, bu, açıq şəkildə Azərbaycan düşmənliyidir. Bu düşmənliyi ən yüksək həddə çatdırıb orta məktəb şagirdlərinin beyninə yeridirlər. Azərbaycana düşmən gözü ilə baxan bir nəsil yetişdirirlər. Əslində, bu, bir növ erməni siyasətinə bənzəyir. Necə ki, erməni uşaqlarına körpəlikdən, o cümlədən orta məktəbdən “türk sənin düşmənindir” deyib təbliğat aparırlar, görünən odur ki, erməniləri və Ermənistanı sevən İranın fars-molla rejimi də erməni qardaşları kimi davranmağa qərar verib. Buna görə də millətimiz ayıq-sayıq olmalıdır”, – deyə M.Cavadi sonda qeyd edib.