Lalə Cavanşir: İranda türkcə sadəcə duyğu ifadəsi dili halına gəlir, artıq bu dildə düşünmürük
Türkoloq və Toronto Universitetinin müəllimi Lalə Cavanşir Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında türk dili və ədəbiyyatının hazırkı vəziyyətini dəyərləndirib. Cavanşir İranda türk dilinin kritik vəziyyətdə olduğunu önə çəkir.
“[İran Azərbaycanında] türkcə ilə bağlı ciddi problemlər zatən var. Dilin yasaq olması və bu dildə təhsilin olmaması özü-özlüyündə bir çox problemin təməli olub. Buna əlavə olaraq, siyasi sistemin büdcə ayırıb yaratdığı problemlərə biz də son zamanlarda bir şeylər qatmağa başlamışıq. Bu problemlər gətirib dili kritik bir vəziyyətə çıxarıb. Bu səbəblə bu məsələyə diqqət yetirmək, bu məsələnin üzərinə düşünmək çox əhəmiyyətlidir,” Lalə Cavanşir söyləyir.
O, İran Azərbaycanında türk dilinin funksiyasının duyğuları ifadə etməklə məhdudlaşdığını ifadə edir.
“Biz həmişə deyirik ki, dil kimliyimizin təməlidir. Dil varlığımızın evidir. Bunun nə anlama gəldiyinin fərqindəyikmi? Dil sadəcə dil deyil. Dil sadəcə bir ünsiyyət vasitəsi deyil. Bizim bütün kimliyimiz, varlığımız türkcəyə bağlıdır. Bizim dilimiz aradan gedərsə, heç bir mübarizəmiz, istər azadlıq üçün mübarizə, istər ədalət üçün mübarizəmiz, artıq mərkəzdəki mübarizədən o qədər də fərqlənməyəcək. Bizi biz edən dilimizdir. Bu mübarizəni dilimiz üzərindən aparmaqdır. Biz bu dildə düşünməsək, bu dildə problemlərimizi dilə gətirə bilməsək, iqtisadiyatımızı, siyasətimizi, ədəbiyyatımızı, çevrə məsələlərimizi və köç məsələsini danışa bilməsək, artıq bu dilin varlığı yoxdur.”
Lalə Cavanşir türk fəallar, qələm adamları və ziyalıların İran Azərbaycanının problemlərini türk dilində müzakirə etmədiklərini söyləyir:
“Türkcə niyə kritik vəziyyətdədir? Dövlətin siyasətlərindən əlavə biz buna necə səbəb olmuşuq? Biz dilimizi duyğu dili halına gətirmişik. Bu dildə qəzəblənirik, bu dildə sevirik, bu dildə bayatı deyirik, söyüş söyürük, sevgi sözləri paylaşırıq. Amma, artıq bu dildə düşünmürük. Artıq, bütün ciddi məsələlərimizi başqa dildə, fars dilində dilə gətiririk. Clubhouse adında sosial şəbəkədə mənim insanları dinləmək fürsətim oldu. Orada insanlar bir araya gəlir. Məsələn, oturub bir-birlərinə türk dilində xatirələrini deyirlər. Amma, harada istəyiriksə ciddi bir məsələni dilə gətirib danışaq, o zaman fars dilində deyirik.”
Türkoloq İran Azərbaycanında dilin kritik bir vəziyyətə düşməsinin məsuliyyətinin orada yaşayan əhali üzərində deyil, qələm adamları və ziyalıların üzərində olduğunu vurğulayır.
Onun sözlərinə görə, “əgər modern dünyanın problemləri bizim dildə yazılmırsa, bu, ziyalının problemidir. Ziyalı bunları yaza bilmirsə, tərcümə etməlidir. Demək ki, etmirik. Demək ki, biz qələm əhli olaraq işimizi görmürük. Bunu xalqdan gözləmək olmaz. Məncə xalqın və Güney Azərbaycanda hər bir vətəndaşın vəzifəsi uşağı ilə türkcə danışdığı zaman bitir. Yəni, övladını ana dilində yetişdirir. Onun vəzifəsi bitdi. Ondan sonra aktivistin, ziyalının, qələm əhlinin vəzifəsi başlayır. Demək ki, biz qələm əhli olaraq işimizi görə bilmirik.”
Lalə Cavanşir müxtəlif mövzular, habelə elmi sahələrdə türkcə məzmun yaratmağın önəminə diqqət çəkir.
“Yeni texnologiya ilə birlikdə yeni kəlmələr gəlir. Yeni qavramlar gəlir. Ziyalının və qələm əhlinin işi burada başlayır. Oturub düşünəcək. Tərcümə edəcək. Amma kəlmə düzəltməyəcək. Bizim durumumuzda insanlar kəlmə düzəltməməlidir. Güney Azərbaycanda hər fərd deyir ki, türk dil qurumudur və gərək kəlmə icad etsin. Buna gərək yoxdur. Yeni qavramlar üçün bizim əlimizdə böyük bir qaynaq var: Türkiyə. Normal həyatımızda olan kəlmələri deyil, məsələn, feminist nəzəriyyələri, texnologiya və tibb sahəsində yaradılmış yeni qavramları Türkiyədən almaqda fayda var. Özümüzdə var olan kəlmələri deyil, bizdə var olmayan amma orada var olan kəlmələri,” türkoloq qeyd edir.
Lalə Cavanşir deyir, “əlifba davası” və yeni sözlər düzəltmək yerinə türk dilini öyrənməyə və əsas dil bacarıqlarını gücləndirməyə üstünlük verilməlidir.
“Bizdə əlifba davası var. Bunları yığışdırmalıyıq məncə. Məsələn latın yazaq, ərəb yazaq. Xaricdə yaşayırıqsa, bir az vaxt ayırıb ikisini də öyrənmək olar. Amma İranın içində hansı dərgi gedib icazə alıb latın əlifbasında çıxa bilər? Hansı kitab latın əlifbasında çıxa bilər? Zorlamamaq lazımdır. Kəlmə düzəltməkdən vaz keçmək lazımdır. Hamı kəlmə düzəldir. Əslində biz qrammatikamıza və dilin sintaksisinə sahib çıxmalıyıq. Türk dilində savadlanmağa çalışmalıyıq. Bu necə olar? Oxumaq, yazmaq, dinləmək və danışmaq, bunları təkmilləşdirmək lazımdır. Əgər yazmırıqsa, biz dilimizdə savadlı deyilik. Yəni, “anamın dilidir, mən bilirəm” olmaz. Əgər dilimizin yaşamasını istəyiriksə, hamımız əl-ələ verərək bu dili düşdüyü durumdan çıxaracağıq,” Toronto Universiteti yaxın şərq mədəniyyətləri bölümünün müəllimi əlavə edir.