Koronavirusdan əziyyət çəkən elimizin sevimli oğlu sənətkar Yaqub Zurufçu vəfat edib
Bu acı xəbər barədə “Qafqazinfo”ya “Yeni Klinika”dan məlumat verilib.
Bildirilib ki, həkimlərin səyinə baxmayaraq, koronavirusa yoluxan Əməkdar artist dünyasını dəyişib.Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Mərhum sənətçi 2009-cu ildə Əməkdar artist adına layiq görülmüşdü
Həyatı
Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və “Cücələrim” mahnısı ilə həm Azərbaycan və həm İranda dillər əzbəri olmuşdu. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa etmişdir. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakultəsində təhsilinə başladı. Eyni zamanda Tehranın operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başladı və vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır.
Bu illərdə də ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəldi və Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəldi. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirdi və televiziyada yayınlandı. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəldi.
O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Yaqub Zurufçu 2021- ci ildə koronavirusa yoluxmuşdur. Vəziyyəti ağırlaşaraq süni nəfəs aparatına qoşulmuşdur. Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.