Koronavirus pandemiyası ilə əlaqədar İran 39 ölkə ilə nəqliyyat əlaqəsini kəsib
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib.
bu barədə İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami məlumat verib. O bildirib ki, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib. Quru sərhədlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-London reysləri də dayandırılıb. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində xüsusi həkim qrupları fəaliyyətə başlayacaq ki, onlar da ölkəyə daxil olanların səhhətini ciddi yoxlayacaqlar.
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə də ciddi xəbərdarlıq edilib. Şirkətlərə təyyarə biletinin satılması qadağan edilib. İran və Türkiyə ilə sərhəddə yerləşən Xuzestan vilayəti qırmızı zona elan edilib.
Qeyd edək ki, İranda COVID-19 infeksiyasının dördüncü dalğası başlayıb. Aprelin 10-da İranda 22 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 193 nəfər isə həyatını itirib.
Yerli mətbuatda çıxış edən bir sıra mütəxəssislər hesab edirlər ki, Novruz bayramı tətillərində insanlar kütləvi şəkildə bir vilayətdən digərinə gəzməyə getdiklərinə görə virusun geniş yayılmasına səbəb olublar. Tətil günlərində İrandan xarici ölkələrə də çox adam gəzməyə gedibmiş.