Koronavirus böhranı “kapitalizmə fasilə” verdi? – təhlil
Koronavirus dünya miqyasında iqtisadiyyatı iflic edib mövcud qaydaları sarsıtmaqdaykən “Guardian” qəzeti sistemin gələcəyilə bağlı perspektivləri analiz etmək üçün Yunanıstanın solçu “Syriza” hökumətində yer almış keçmiş maliyyə naziri Yanis Varufakislə irlandiyalı ekspert və iqtisadiyyatdan yazan jurnalist David McWilliams-ın söhbətini dərc edib.
David McWilliams: Düşünürəm ki, bu böhranda kapitalizmə “fasilə verildiyini” desək, yanılmarıq. Artıq bundan əvvəlki vəziyyətə qayıdılmayacaq. Dövlət geri döndü və seçicilər indi yaşananları unutmayacaqlar. Hara getdiyimizi bilmirəm, ancaq geri qayıtmayacağımız dəqiqdir.
Yanis Varoufakis: Kapitalizmə fasilə verilməsi… Bu təsbiti bəyəndim. Qərbdə kapitalizmə sonuncu dəfə İkinci dünya müharibəsində fasilə verilmişdi; müharibə iqtisadiyyatı yaranmış, qiymətlərə nəzarət edən iqtisadiyyat bərqərar olmuşdu. Müharibə iqtisadiyyatı sayəsində standart kapitalizm modeli geridə qalmışdı.
Ancaq bu gün baş verənlərə kapitalizmin özünə yox, qaydalarına fasilə verilməsi demək olar. Müqəddəs sayılan bütün siyasətlər, pul siyasətiylə dövlət maliyyəsinin bir-birindən sərt şəkildə ayrılması, dövlət kreditlərinin bir şey olması düşüncəsi aradan qalxdı.
Ancaq kapitalizmə fasilə vermək və aradan qaldırmaq üçün, “müharibəsiz müharibə iqtisadiyyatı” inşa edə bilmək üçün lazım gələn qurumlar yaradılmadı. “Vəziyyət bərbaddır, ona görə də qaydalara əməl etməyinizi gözləmirik” deməklə “Qaydalar dəyişdi və iqtisadi çöküşün qarşısını almaq üçün yenilərini qəbul etməliyik” demək arasında böyük fərq var. Avropa Mərkəzi Bankının bütün maddi yardım təklifləri kimi, bu da müharibə iqtisadiyyatı düşüncəsindən nə qədər uzaq olduğumuzu göstərir.
David McWilliams: Bu, Avropanın yaxşı bilinən səhvlərindən biridir. Əgər siz iqtisadi siyasətinizi borclana bilməyəcək qədər sarsılmış insanların kredit almaq arzusunda olması ehtimalına (maliyyə yardımının başlıca məntiqi) əsasən formalaşdırsanız, böyük bir problem yaratmış olursuz. Yüngülləşdirmə tədbirləri deyəndə ağla gələn ilk şey böhranın alovunu söndürmək üçün ayrılan pullar olur. Ancaq pul kranlarının ağzını açmaq siyasəti bu kranların klapanlarının – bankların, kredit komissiyalarının və iş sahiblərinin kredit almaq istəyilə məhdudlaşır. Və nəticədə pul kranlardan şırıltıyla yox, damcı-damcı tökülür; üstəlik, bu damcılar da yoxsulların yox, varlıların maraqlarına xidmət edir.
Ona görə də qaydalara fasilə verilməsi və infrastrukturun eyni qalması barədə dediklərini anlayıram. Ancaq Avropa ölkələrində insanlar “Bir alternativ var” deyirlər. Başlamaqda olan ikinci mərhələ kapitalizmin, maliyyənin, iqtisadiyyatların necə işlədiyi və kimə xidmət etdiyi kimi mövzuların dəyərləndirildiyi bir dönəm olacaq. Bu prosesdə “Bretton Woods” tipli (İkinci dünya müharibəsindən sonrakı dövr üçün qlobal maliyyə qaydalarının və qurumlarının əsasını qoymuş (1944) və hələ də qüvvədə olan müqavilə) yeni bir razılaşmanın yaranması ehtimalı var.
İndiki durumda, 21-ci əsrin üçüncü onilliyinə girdiyimiz günlərdə sən tarixə və iqtisadi proseslərə nəzərən Avropa iqtisadiyatının qarşıdakı on ili üçün nə deyə bilərsən?
Qarşıdakı 10 ildə nələr baş verə bilər?
Yanis Varoufakis: Bir təpənin başında oturmuş kimiyik, hər iki tərəfə sürüşməyə hazırıq. Ancaq hansı tərəfi seçəcəyimiz heç məlum deyil.
Əvvəlcə pozitiv ssenaridən başlayım. Bayaq xatırlatdığın “Bretton Woods” ehtimalına və bunun Avropa Birliyinə mümkün təsirlərinə baxaq.
Qitə miqyasında birləşməyə çalışsaq, bunu hansı formada edə bilərik?
İndi həmişəkindən daha çox lazım olan federasiyalaşma ehtimalı həmişəkindən daha azdır, çünki koronavirus böhranının, qaçqınlar böhranının və üstəgəl avro böhranının yaratdığı mərkəzdənqaçma meylləri bizi bir-birimizdən uzaqlaşdırır. Ancaq biz Avropa Birliyinin mövcud qurumlarından sanki federal bir Avropa varmış kimi istifadə edə bilərik. İstəsək, yoxsulluğun məngənəsində çabalayanlara sabahdan etibarən, dərhal maddi yardım göstərə, yaşıl bir keçid iqtisadiyyatına investisiya qoya bilərik.
Burda bir ümid işığı var və bu, 2020-ci ilin 2010-dan çox fərqli olmasından qaynaqlanır. İrlandiya və Yunanıstanın kürəklərinin yerə gəldiyi o günlərdə bizim ölkələrimizdə baş verənlərlə Almaniya və Hollandiyada yaşananlar arasında böyük fərq vardı. Bu gün Almaniyanın sənaye sektoru beli qırılmış vəziyyətdədir və bu, koronavirus epidemiyasından əvvəl baş vermişdi. Avtomobil və dəzgah istehsalı kimi əsas sənaye sahələri böhran hələ başlamamış ciddi problemlər içindəydi. İndi Almaniyanın dərdlərinin bizimkilərlə eyni olması bir ümid işığıdır. Çünki əvvəlki illərdə olduğu kimi “Bu sizin probleminizdir” demək əvəzinə “Nə etməliyik” sualını verə bilərlər.
Neqativ ssenari
David McWilliams: Yəni pozitiv ssenarinin nəticələri belə ola bilər – normal məcranın pozulması Avropada və ondan kənarda yeni siyasət axtarışlarına, fərqli ehtimallara yol aça bilər. Bəs, neqativ ssenaridə?
Yanis Varoufakis: Biz insanlar və xüsusilə də biz avropalılar gözəl fürsətləri əldən verməyi və özümüzü bərbad vəziyyətlərə salmağı çox sevirik. İndiyə qədər həqiqi federalizmə mane olan avropalı ordoliberalların (iqtisadi liberalizmin bir növü) yenə eyni mövqe sərgiləyəcəkləri ehtimalı böyükdür.
David McWilliams: Belə barrikadalar, şübhəsiz ki, ən çox Avropanın cənubundakı ölkələrə mane olacaq. Sizcə, bu gün baş verənlər Aİ-nin qurucu üzvlərindən olan İtaliyaya necə təsir edəcək?
Yanis Varoufakis: Avropada böhran olanda İtaliyanın iqtisadiyyatı kiçilir, ölkədə dərin bir iqtisadi durğunluq yaranır. Frankfurt, Berlin və Brüssel bu dəfə də pozitiv ssenariyə doğru hərəkət edə bilməsələr, təkcə İtaliya yox, Avropanın bütün yoxsul bölgələrində yenidən neofaşist sağların yüksəlişi başlayacaq. O zaman iş cığırından çıxa bilər.
Bu, neqativ ssenarinin ən pis variantıdır. Böyük bir domino effekti Avropa İttifaqının dağılmasıyla nəticələnə bilər. Eynilə SSRİ dağılandan sonra yaranmış Müstəqil Dövlətlər Birliyi kimi.
Və bu son Trump-ları, Bolsonaro-ları ve Modi-ləri çox sevindirər. Hobbes-un təsvir etdiyinə bənzəyən; qəddar, xəstə və genişmiqyaslı yoxsulluq anlamına gələn qlobal iqtisadiyyat yaranar.
Bir dövr geridə qaldımı?
David McWilliams: Mənim uşaqlığımda İrlandiya çox kasıb bir ölkəydi. Sonra Avropa layihəsinin küləyi, Avropanın qlobal iqtisadiyyatdakı yeri və ölkəyə böyük miqdarda investisiya cəlb edən vergi siyasəti nəticəsində varlı dövlətə çevrildi.
Mən artıq bu inkişaf modelinin və bu şəkildə qloballaşmanın da axırının çatmış ola biləcəyini düşünürəm. Hətta qorxuram ki, səyahət edib ünsiyyət qurduğumuz, azad hərəkət edə bildiyimiz bir dönəmin də sonu gəlmiş ola bilər. İnsanlar deyə bilərlər ki, virus kosmoplit dünya sayəsində, ölkələrarası hərəkətlilik ucbatından yayıldı.
“Qara ölüm” (vəba) epidemiyasında Avropada şiddətli bir yəhudi düşmənçiliyi başladığını bilirik. “Kimi günahlandıra bilərəm” deyə düşünən insanlar gettolarda onsuz da izolyasiya şəraitində yaşayan bir toplumu hədəf seçdilər.
21-ci əsrin üçüncü onilliyinin əvvəlində məni ən çox qorxudan şey budur. Daha əvvəl yaşadıqlarımız təkrarlana bilər.
Sürətlə yeni bir istiqamət seçməsək, övladlarımın gələcəkdə xəstə bir dünyada yaşayacaqlarından qorxuram. Bu bizə dolayı yolla edilmiş bir xəbərdarlıqdır.
Yanis Varoufakis: Həm də bir nəslin eşitdiyi ən uca səsli xəbərdarlıq. Gələcəklə bağlı narahatlığını bölüşürəm, ancaq bunu əsaslandırdığın arqumentə etirazım var. Dediyin açıqlıq və azadlıq ciddi məhdudiyyətlər dövründə də varıydı. ABŞ-Meksika sərhədi Avropanın içindəki səyahət azadlığı və Avropa sərhədlərinə ciddi nəzarət kimi bir şeydir. Bu, ziddiyyət deyil. Bu, investisiyaların hərəkətinə insanların azadlığından daha çox dəyər verən bir sistemin məntiqidir.