Kiyanuş Aslani Tehran həbsxanasından sərbəst buraxılıb
Türk dil haqları fəalı Kiyanuş Aslani Qocabəyli 2 il 7 ay həbsdən sonra bazar ertəsi Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.
Aslani daha əvvəl dil hüquqları uğrunda fəaliyyətlərinə görə 5 il həbs cəzasına məhkum edilmişdi.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəalın həbs cəzası Ali Məhkəməyə müraciət etdikdən sonra 5 ildən 2 ilə endirilib.
Bu məlumata əsasən, Aslaninin işinə yenidən baxılması tələbi ilə Ali Məhkəməyə müraciətindən sonra, Ali Məhkəmə hökmü ləğv edərək işi Tehran Apellyasiya Məhkəməsinə göndərmişdi. Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin çıxardığı qərara əsasən dil haqları müdafiəçisin həbs hökmü 5 ildən 2 ilə endirilib.
Kiyanuş Aslanı hazırda Tehranın Evin həbsxanasında saxlanılan digər milli fəal Tovhid Əmir-Əmini ilə birlikdə 21 fevral 2019-da Dünya Ana Dili Günü ilə əlaqədar Tehranda nəzarət altına alınmışdı. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olunmuşdu. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası verilmişdi.
Tovhid Əmir-Əmini və Kiyanuş Aslanidən əlavə, hazırda həbs və sürgün cəzalarını çəkməkdə olan Əlirza Fərşi, Əkbər Azad, Həmid Mənafi Nadarlı, Behnam Şeyxi Samanlı da Dünya Ana Dili Günü mərasimləri ilə əlaqədar mühakimə ediliblər.
VOA