Kanada “Cavad Zərifin səs yazısını” araşdırır, Azərbaycanda koronavirusla mübarizəyə 2 milyard manata yaxın pul xərclənib
İran ölkənin xarici işlər naziri Cavad Zərifin adının hallandığı səs yazısının həqiqiliyini inkar edir, Azərbaycanda pandemiya ilə mübarizəyə ayrılan vəsaitin həcmi açıqlanıb, Rusiya xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupu və həmsədrlərinin gələcək işlərindən danışıb, Vağarşak Harutyunyan Rusiya sülhməramlı kontingentin komandanı Rüstəm Muradovla görüşüb, Türkiyə Milli Müdafiə Nazirliyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən görüntülər yayıb, Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək – bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İran ölkənin xarici işlər naziri Cavad Zərifin adının hallandığı səs yazısının həqiqiliyini inkar edir.
Kanadanın CBC saytı yazır ki, Kanada hökuməti və təhlükəsizlik qurumları Cavad Zərifin danışdığı ehtimal olunan səs yazısını araşdırır.
Sözügedən səs yazısında Cavad Zərifin ötən il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin Tehran səmasında uçarkən vurulmasının “min ehtimalı ola biləcəyi”, onlar arasında təyyarənin “iki üç casusun iştirakı ilə qəsdən vurula biləcəyinin” yer alması haqda danışılır.
BBC