Jalə Təbrizli: Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar
Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsi ilə söhbətdə İranda qadınların İslam Respublikasının basqılarına qarşı yürütdüyü 43 illik mücadilədən əldə etdiyi təcrübə ilə hazırkı etirazlara rəhbərlik etdiyi ifadə edir. “İnterneti bağlayıblar ki, içəridən xəbər alınmasın. Şiddət çoxalıb. Zorakılıq çoxalıb. İbrahim Rəisi Nyu Yorkdan İrana yetişən kimi əmr etdi ki, bunları evlərinə qaytarın. Ancaq, indi qadının səsini İranı bürüyüb. O səs ki, haramdır. İslam Cümhuriyyəti qadının səsini haram elan etmişdi. O səs indi küçələrdə eşidilir,” Jalə Təbrizli söyləyir.
Hüquq müdafiəçisi qadınların İslam Respublikası hakimiyyətə gəldikdən bəri bütün hüquqlarından məhrum olduğunu vurğulayır:
“Qadın azadlıq istəyir. Haqqını istəyir. O haqq ki, 43 ildir İslam Cümhuriyyəti ayaq altına qoyur. Hər cür haqqını, insani haqqını, geyinmə haqqını, yaşayış haqqını, iş haqqını, səyahət haqqını, uşağına sahib çıxmaq haqqını. Baxanda, qadın 43 ildir bu haqlar üçün mübarizə edib. Bunu davamlı edib. Öyrənib. Təcrübə əldə edib. Qadınları hər zaman evlərinə qaytara bilirdilər. Amma, onlar bu gün küçədən yığılmır.”
Təbrizli müxtəlif yaş qrupları, ictimai siniflər və qeyri-fars icmaların da hazırki etirazlara geniş şəkildə qatıldıqlarına diqqət çəkərək deyir ki, “bu etirazlar zülm altında olan, ayrı-seçkiliyi və irqçiliyi görən insanları bir yerə yığıb.”
Hüquq müdafiəçisi Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Məlikan, Mərənd və Meşginşəhr kimi şəhərlər daxil olmaqla İran Azərbaycanının müxtəlif bölgələrində kütləvi etirazlar ilə əlaqədar yüzlərlə vətəndaşın nəzarət altına alındığını deyir. O, həmçinin aksiyalar zamanı yaralanan bir çox etirazçının nəzarət altında alınaraq hərbi xəstəxanalara yerləşdirildiyini bildirir.
Jalə Təbrizli əlavə edir, “Zəncanda ölənlər var. Öldürülən qadınlardan Təbrizdə Aysan Mədənpəsənd var. Ailəsini o qədər incitdilər ki, desinlər özü ölüb… Hədis Nəcəfi Kərəcdə öldürülüb. Anası bir video paylaşmışdı ki, Hədis türkcə bir mahnı oxuyur…”
O, İranda qadınların ümumi vəziyyətinə işarə edərək deyir ki, “indi iqtisadi baxımdan vəziyyət pisdir. Bu da hamıdan öncə qadınları tutur. Çünki, iş olmayanda öncə qadına iş olmur. Qadınlar həm iqtisadi baxımdan, həm siyasi baxımdan, hər baxımdan zülm altında olublar. İslam Respublikasının qanunları da qadının əleyhinədir. Hicab mövzusunda da indi vəziyyət betərləşib. İbrahim Rəisi gələndən basqılar günbəgün çoxalıb. [Hicaba nəzarət edən qüvvələr] qadınları saçlarından çəkirdilər maşınlara mindirmək üçün. Bu hörmətsizliklər və qeyri-insani rəftarlardır ki, bu gün İslam Cümhuriyyəti nəticəsini təhvil alır.”