Jalə Təbrizli: Milli fəal Yaşar Pirinin həbsdən əvvəl heç bir sağlıq problemi yox idi
Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı və Tehranda həbsdə olan türk fəalların durumu, habelə son vaxtlar baş verən həbslər və fəallara qarşı çıxarılan məhkəmə hökmləri haqqında danışıb.
O, həmçinin İranda insan haqları məsələləri üzrə BMT-nin xüsusi nümayəndəsi Cavid Rəhmanın yeni hesabatını dəyərləndirib.
Keçən fevral ayında Dünya Ana Dili Günündə nəzarət altına alınıb və bir neçə gün sonra mülki zəmanətlə sərbəst buraxılmasının ardınca xəstəxanaya yatırılan milli fəal Yaşar Pirinin durumuna diqqət çəkən Jalə Təbrizli deyir ki, Piri nəzarət müddətində məruz qaldığı işgəncəncələr üzündən sağlıq problemləri ilə qarşılaşıb.
O, Pirinin keçmişdə də işgəncəyə məruz qaldığını bildirir:
“Yaşar Piri və qardaşı (Ruzbeh) 2019-cu ilin noyabr ayında benzinin bahalaşması ilə bağlı olaylarlarda iş yerində və kitabxanada tutuldular. Bunları Təbrizin Sepahı (İslam İnqilabı Qvardiyası) 26 gün saxlayıb, işgəncə verdikdən sonra zindana köçürdü. Yaşar Piri sonra yenidən Sepaha qaytarıldı. Sonunda qardaşlar mülki zəmanətlə azad oldular. Yaşar daha əvvəl bir də Urmiyə Gölü etirazları ilə əlaqədar tutulub və 3 ay həbs və 30 şallaq zərbəsinə məruz qalmışdı.”
Hüquq müdafiəçisi əlavə edir, “Yaşar Pirini bu yaxınlarda yenə tutdular. Amma onu tutanda çox işgəncə etmişdilər. Boğazına bibər qazı vurmuşdular. Nəticədə ağciyərlərinə zərər dəymişdi. Başından vurmuşdular. Ayaqlarını bağlayıb yerdə sürütləmişdilər. Ailəsinin dediyinə görə, onun tutulmadan əvvəl heç bir sağlıq narahatlığı yox idi.”
Piri mülki zəmanət qarşılığında sərbəst buraxıldıqdan bir müddət sonra xəstəxanaya yatırıldı:
Bu əmniyyət qüvvələri milli fəalları tutduqdan sonra çox əziyyət edirlər. Çox vururlar.
“Xəstəxanada bəlli oldu ki, böyrəklərində problem yaranıb. Dializ etdilər. Şəklə baxanda bunun ayaqlarında işgəncənin izləri qalıb. Bu xəstəliyi də işgəncədən olub. Böyrəklər döyməkdən elə olub. Bu vəziyyətlə bağlı Yaşar Pirinin vəkili üst qurumlara şikayət edib,” Təbrizli söyləyir.
Keçən günlərdə sosial media istifadəçiləri “Mən Dilimlə Yaşaram” haştaqı ilə Yaşar Piriyə dəstək kampaniyası təşkil etmişdilər.
Jalə Təbrizli bir çox milli fəalın saxlanıldıqları zaman məmurların əziyyətinə məruz qaldığını ifadə edir.
Onun sözlərinə görə, “bu əmniyyət qüvvələri milli fəalları tutduqdan sonra çox əziyyət edirlər. Çox vururlar. Nümunəsi Qarabağ etirazlarında gördük ki, cənab Pərviz Siyabini necə işgəncə etmişdilər. Ya misal, cənab Xeyrcunun damdan evinə aşıb, xanımını döymüşdülər. Xanımının şəklində gördük ki, necə qolları göyərmişdi kötəkdən.”
Hüquq müdafiəçisi işgəncə hallarının əvvəldən də olduğunu, fəqət son zamanlarda daha çox xəbər olaraq gündəmə gəldiyini ifadə edir.
VOA