Işgəncələrə məruz qalan güneyli fəal Yaşar Piri xəstəxanadan çıxıb
Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxıldıqdan sonra sağlamlıq durumunun pisləşməsii nəticəsində xəstəxanaya yerləşdirilən güneyli milli fəal Yaşar Piri xəstəxanadan evə qayıdıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, martın 9-da Yaşar Piri sağlamlıq durumu yaxşılaşaraq Təbrizin İmam Rza xəstəxanasından çıxıb.
Fevral ayının 26-dan Təbrizin İmam Rza xəstəxanasına yerləşdirilən Yaşar Piri xəstəxanadan çıxdıqdan sonra milli fəallar tərəfindən qarşılanıb. Azərbaycanlı fəallar Yaşar Piri xəstəxanada ikən Tviter və İnstagram sosial media platformlarında ‘Mən dilimlə yaşaram’ haştaqı altında etiraz kampaniyası başlatmışdılar.
Ruzbeh Piri qardaşının durumu ilə bağlı öz İnstagram hesabından yaydığı məlumata görə, Yaşar Pirinin nəfəs borusu və böyrəkləri həbs edilirkən təhlükəsizlik qüvvələri tərəfindən bibər qazı istifadə etmə nəticəsində zədələnmişdi.
Həmçinin Yaşar Piri həbsdə olduğu müddətdə İran hökumətinin təhlükəsizlik qüvvələri və həbsxana məmurları tərəfindən işgəncə və döyülmə nəticəsində bədəninin bir neçə hissəsi göyərmişdi. Həbsdən buraxıldıqdan dərhal sonra ailəsi tərəfindən müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.
Piri fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə türk dilində kitab payladığı zamanı İranın kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, naməlum yerə aparılmışdı.
Təbrizdə yaşayan milli fəal fevral ayının 24-də 50 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
O, daha öncə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə nəzarət altına alınmışdı. Qardaşlar həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər.
VOA