İranlı millət vəkili: Urmiyə gölü adına xərclənən pulların araşdırılması üçün qanun layihəsi məclisə gətirələcək
Urmiyə gölü adına xərclənən pulların araşdırılacağına dair xəbərlər bundan əvvəl də yayılmışdı. İRNA agentliyi İran Azərbaycanında müxtəlif qruplar tərəfindən diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltmək məqsədilə geniş bir kampaniya başladılmasının ardınca bu xəbəri yenidən gündəmə gətirib.
Dövlət agentliyinə danışan mühafizəkar millət vəkili Ruhullah Mütəfəkkir Azadın bildirdiyinə görə, preizdent Ruhani dönəmində təsis edilmiş Urmiyə Gölünü Canlandırma Mərkəzinin “fəaliyyətləri və xərcləmələrini” araşdırmaq üçün qanun layihəsi parlamentin açıq iclasında səsə qoyulacaq.
“Urmiyə Gölünü Canlandırma Mərkəzi tərəfindən gölü canlandırmaq məqsədilə milyardlar tümən pul xərcləndi, ancaq bu gün bu xərclərdən elə bir nəticə görmürük,” millət vəkili bildirib.
Mütəfəkkir Azadın dediklərinə görə, “Urmiyə gölünün quruması bölgə əhalisinin ciddi qayğısı olub. Urmiyə gölünün quruması gölün ətrafındakı vilayətlər və şəhərlərdən daha uzaq bölgələrə də təsir edəcək. Çünki, Təbrizdən Tehranın yaxınlarına qədər 14 milyon insan duz fırtınalarından amanda olmayacaq.”
Mühafizəkar siyasətçilər Urmiyə gölünü canlandırma layihələrinin uğursuz olması ilə bağlı sabiq prezident Həsən Ruhaninin kabinetini günahlandırırlar. Həsən Ruhani dönəmində də islahatçı və mötədil siyasətçilər prezident Əhmədinejad dönəmində gölü canlandırmaq yönündə cəhdlərin olmadığını önə çəkirdilər.
Sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.
Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.