İranlı milli fəal Vüqar Nemət həbs, daha sonra azad edilib
İran Azərbaycanının Qaradağ bölgəsində yaşayan şair və milli fəal Vüqar Nemət həbs edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Vüqar Nemət oktyabrın 1-də Kəleybər şəhərinin Ettelaat İdarəsinin agentləri tərəfindən nəzarət altına alınıb.
Nemət bir neçə saat sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.
İran hökumətinin kəşfiyyat agentləri dindirilmə zamanı milli fəalı təhqir edib, hədələyib.
Vüqar Nemət son günlər ərzində dəfələrlə Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqedə olduğunu ifadə edib, Qarabağın azadlığı uğrunda Azərbaycan Respublikasının ordusunun sıralarına qoşulmağa hazır olduğunu bildirib.
Vüqar Nemət İranda nəşr olunan türkcə “Çıraq” qəzetinin baş redaktoru, eləcə də “Çıraq” adlı Telegram kanalının müdiridir. O, Azərbaycan türkcəsində yazılan 12 kitab və çoxsaylı məqalənin müəllifidir.
Son günlər ərzində İran hökuməti İran Azərbaycanında və habelə türklərin yaşadığı başqa şəhərlərdə çox sayda milli fəal və vətəndaşı Qarabağa dəstək verdikləri həbs edib və fərqli ittihamlar irəli sürüb.
VOA