İranlı milli fəal Tovhid Əmir-Əmini Evin həbsxanasına qayıdıb
Ana dili haqları sahəsində fəaliyyətlərindən dolayı 5 il həbs cəzasına məhkum edilmiş güneyli milli fəal Tovhid Əmir-Əmini Evin həbsxanasına qayıdıb.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Tovhid Əmir-Əmini 20 günlük məzuniyyət müddətinin bitməsi ilə mayın 25-də Tehranın Evin həbsxanasına qayıtmaq məcburiyyətində qalıb.
Əmir-Əmini 350 milyon tümənlik zəmanət qarşılığında həbsxanalarda COVID-19 xəstəliyinin yayılmasını önləmək məqsədi ilə 20 gün müddətinə məzuniyyətə buraxılmışdı.
Sosial mediada yayımlanan məlumata görə, azərbaycanlı fəallar məzuniyyətə buraxılan siyasi məhbus Tovhid Əmir-Əmininin görüşünə gedib.
Əmir-Əmini 2019-cu ilin fevral ayının 21-də Əmir-Əmini digər milli fəal Kiyanuş Aslani ilə birlikdə Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə Tehranda təbrik kartları payladıqları zaman həbs edilmişdi.
Tovhid Əmir-Əmini həmin dinc fəaliyyətinə görə, ilkin məhkəmə tərəfindən “ölkənin milli təhlükəsizliyini pozmaq” və “sistemə qarşı təbliğat aparmaq” ittihamları ilə 9 illik ağır həbs cəzasına məhkum edilmişdi. Həmin ağır hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində 7 il 6 ay həbs cəzasına endirilmiş və ötən il İran prezidenti tərəfindən elan edilən həbs cəzasını azaltma qanunu ilə Əmir-Əmininin həbs müddəti 5 ilə endirildi.
İran İslam Respublikası qeyri-fars icmaların Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirmələrinə maneələr törədərək, xüsusilə Tehranda türk fəallara qarşı basqıların daha ağır şəkildə tətbiq edildiyi müşahidə edilir.
VOA