İranlı ictimai fəalın Azərbaycandan siyasi sığınacaq istədiyi bildirilir
Paylaş
Şərhlərə bax
Print
İrandan olan azərbaycanlı ictimai fəal Puya Purhemmətinin həbsdən qaçaraq Azərbaycan Respublikasından siyasi sığınacaq istədiyi bildirilir.
Bu barədə Puya Purheməmətinin ailəsinə yaxın mənbələrdən Amerikanın Səsinə bildiriblər.
Adının çəkilməsini istəməyən mənbə deyib ki, Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.
“O, etiraz aksiyasından sonra saxlanılıb, ağır işgəncələrə məruz qalıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra 2 il də İran ərazisni tərk edə bilməz. Puya həbsdə olarkən də çox ağır işgəncələrə məruz qalıb. Nəhayət 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən Puya oktyabrın 12-də Azərbaycanın Biləsuvar rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. O, Azərbaycan Respublikasından siyasi sığınacaq və ya üçüncü, təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib. Biz Azərbaycan Respublikasının bütün azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların hüquqlarını daim müdafiə edən siyasi rəhbərliyindən, hüquq mühafizə orqanlarından Puyanı İrana qaytarmamasını xahiş edirik. Beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Qaçqınlar Üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyindən xahiş edirik ki, tez bir müddətdə Puya Purhemmətiyə baş çəkib onun təhlükəsizliyinin təmin edilməsinə və ölümdən xilas edilməsinə kömək etsin. Puya İrana qaytarılsa onu edam gözləyir”, Puya Purhemmətinin ailəsinə yaxın mənbə Amerikanın Səsinə deyib.
Puya Purhemmətinin Azərbaycanın dövlət sərhədini keçməsini Azərbaycan məhkəməsi də təsdiq edib. Belə ki, oktyabrın 14-də Bakı şəhərinin Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirlən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.
Bununla yanaşı, İranın və Azərbaycanın rəsmi qurumları ictimai fəalla bağlı hələ məlumat yaymayıb.
Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. O, İran vətəndaşıdır və hazırda Təbriz şəhrində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.