İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Vyanada yayımladığı hesabatda İranın bu qurumun müfəttişlərinə nüvə mərkəzlərinə daxil olmağa icazə verməməsindən narahatlığını ifadə edib.
Artıq bir neçə aydır İran tərəfi beynəlxalq qurumun müfəttişlərinə bu ölkədə nüvə tədqiqatlarının aparıldığı və nüvə proqramının həyata keçirildiyi məkanlara giriş icazəsi vermir. Beynəlxalq qurumun rəhbəri Rafael Qrossi müfəttişlərin dörd aydan bəri müvafiq nüvə mərkəzlərinə daxil ola bilməməsindən təəssüfləndiyini bildirib.
BAEA-nın ehtimallarına görə, İran ötən aylarda özünün zənginləşdirilmiş uran ehtiyatlarını artırıb. Həcmi təxminən 1,5 tona çatan zənginləşdirilmiş uran 2015-ci ildə imzalanan nüvə anlaşmasında (Hərtərəfli Birgə Fəaliyyət Planı) nəzərdə tutulduğundan səkkiz dəfə çoxdur.
Hesabatda, həmçinin qeyd olunub ki, İran tərəfi beynəlxalq qurumla əməkdaşlığa hazır olduğunu, lakin bundan öncə hüquqi suallara aydınlıq gətirilməsinin vacibliyini ifadə edir.Azərtac