“İranın təhlükəsizlik qurumu Əlirza Fərşinin həbsxana xaricində müalicə olunmasına mane olur”
Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Əlirza Fərşinin sağlamlığının risk altında olduğu bildirilir. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə siyasi məhbusun hazırkı vəziyyəti, həmçinin onun həbsinə səbəb olan fəaliyyətləri haqqında danışıb.
Şahin Xiyavlı Əlirza Fərşinin həbsxanaya getmədən öncə sağlıq problemi yaşamadığını ifadə edir.
Problem həm həbsxana şəraitindən qaynaqlanır, həm də təhlükəsizlik qurumunun Əlirza Fərşi üzərindəki basqıları var. Çünki basqı olduğu zaman həbsxana məsulları da yardımcı olmurlar.
“Əlirzanın zindana getmədən öncə hər hansı bir sağlıq problemi yox idi. Keçmişdə sol gözündə əməliyyat olmuşdu. Tutulduğu zaman döyüldüyü üçün gözünə ciddi xəsarət dəyib və təcili əməliyyat olması lazim olub. O, [may ayında] 3 günlük məzuniyyətə gəlmişdi. Məzuniyyətdə mütəxəssis göz doktoru, həmçinin diabeti ilə əlaqəli mütəxəssisə gedir və doktor Əlirzanın təcili əməliyyat olması gərəkdiyini deyir. O bu raportları zindan məsullarına götürür və müalicə üçün məzuniyyətinin uzadılmasını istəyir… Amma təhlükəsizlik qurumu buna mane olur,” hüquq müdafiəçisi bildirir.
Xiyavlının dediklərinə əsasən, Əlirza Fərşi həbsxanada gərəkli müalicə, dərman və xəstəlik durumuna uyğun qidalanma imkanları ilə təmin edilmir. “Əslində zindan məsulları buna əngəl olmur. Onlar təhlükəsizlik qurumunu tövsiyəsinə əsasən Əlirzaya qarşı basqı tətbiq edirlər. Bir də ki, pandemiya şəraiti var,” o söyləyir.
“Əsasən həbsxanada o xəstəliklər üçün yetərli imkanlar yoxdur. Yəni, problem həm həbsxana şəraitindən qaynaqlanır, həm də təhlükəsizlik qurumunun Əlirza Fərşi üzərindəki basqıları var. Çünki, basqı olduğu zaman həbsxana məsulları da yardımcı olmurlar. Yəni yuxarıdan əmr gəlməlidir ki, məsələn bu müalicə üçün xəstəxanaya göndərilməlidir. Əlirza Fərşi məzuniyyətdən qayıtdığı zaman mütəxəssisin yazdığı insulinləri bundan alıblar. Sağlıq durumuna uyğun qida maddələri götürümüşdü özüylə. Onları da alıblar,” hüquq müdafiəçisi əlavə edir.
Əlirza Fərşi məzuniyyətdən qayıtdığı zaman mütəxəssisin yazdığı insulinləri bundan alıblar. Sağlıq durumuna uyğun qida maddələri götürümüşdü özüylə. Onları da alıblar.
Şahin Xiyavlı deyir ki, Əlirza Fərşi fəaliyyətləri ilə dövlətin öz vəzifələrinə əməl etmədiyini göstərirdi.
“Kəndimiz vəqfində uşaqlara türkcə kitablar aparırdı və bu fəaliyyətləri ilə bağlı bir videosu var. Orada deyir, bu işlər dövlətin vəzifəsidir. Dövlət burada bu türk uşaqlara imkanlar yaratsa, mən heç zaman gəlib bu işi görməyəcəyəm. Yəni əslində, Əlirza burada göstərir ki, bu dövlət konstitusiyanın icra edilməsindən məsuldur.”
Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir. Siyasi fəal bu iki ili başa vurduqdan sonra iki il sürgünə göndəriləcək. O əlavə olaraq başqa bir məhkəmənin qərarı ilə 4 il və 2 ay daha həbs, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzasına məhkum edilib.
Şahin Xiyavlı deyir ki, “sanki bu hakimiyyət Əlirza Fərşidən intiqam alır.”
“Nəticədə bir məhbusun haqları vardır. Məhkəmədə vəkili olması lazımdir. Dosyesində yazılanlardan xəbəri olmalıdır. Sağlıq problemləri varsa, dövlət bunun müalicəsindən məsuldur, imkan yaratmalıdır. Ancaq bunların heç biri olmur. Yəni, sanki burada intiqam almaq kimi bir məsələ vardır,” o qeyd edir.
Xiyavlı Əlirza Fərşinin uzun müddət həbsdə qalacağı təqdirdə daha ağır sağlıq problemləri ilə qarşılaşacağını önə çəkir.
Onun sözlərinə görə, “Əlirzanın hazırda çəkdiyi həbs müddəti tamamlandıqdan sonra əgər yeni hökmlər icraya qoyulsa, yəni 4 il 2 ay daha həbs, problemlər daha ciddi olacaq. Sol gözü müalicə edilməsə, o görməyə bilər…”
VOA