İranın Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində bir türk fəalın iş yerinin möhürləndiyi, iki fəalın isə İran polisinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb.
Təqribən 10 gün əvvəl Təbrizdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar saxlanılan Sədullah Sasani Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, siyasi fəal bazar ertəsi günü 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
Sasani oktyabrın 1-də Təbrizdə təşkil olunan Qarabağa dəstək mitinqlərinə qatıldığı zaman nəzarəat altına alındığında məmurlar tərəfindən ağır şəkildə döyülmüşdü.
O, həmçinin iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan türk fəallar arasındaydı.
Sədullah Sasaninin “ümumi intizamı pozmaq” və “dövlət məmuruna itaətsizlik” ittihamları ilə mühakimə ediləcəyi bildirilir.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən az 200 nəfər nəzarət altına alınıb. Keçən günlərdə Ərdəbildən Amerikanın Səsinə danışan türk fəal Araz Süleymani tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.VOA