İranın Şərqi Azərbaycan vilayətində 2 mindən çox səhiyyə işçisi koronavirusa yoluxub
Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmməd Hüseyn Somi vilayətin koronavirus pandemiyası ilə əlaqəli son vəziyyət barədə avqustun 23-də Təbriz bələdiyyə məclisinin üzvlərinə məlumat verərək, vilayətdə bu günə qədər 2000-dən çox səhiyyə işçisinin koronavirusa yoluxduğunu bildirib.
Ötən ay Təbriz Tibb Elmləri Universiteti rektorunun müavini Abbas Əli Dorosti vilayətdə 1500 səhiyyə işçisinin koronavirusa yoluxduğunu və 5 nəfərin həyatını itirdiyini bildirmişdi. Ancaq verilən son açıqlamada virusdan həyatını itirənlərin sayı açıqlamayıblar. Bir ay müddətində səhiyyə işçiləri arasında virusa yoluxma hallarında 33 faiz artım müşahidə olunur.
Somi deyib ki, bu günə qədər vilayətdə 26500 nəfərdə yoluxma halı təsbit edilib ki, bunlardan 1250 nəfəri həyatını itirib.
Dr. Sominin verdiyi məlumata görə, vilayət şəhərləri arasında ən yüksək yoluxma halları Əhər şəhərində, ən az yoluxma halları isə Xudafərində təsdiqlənib və son həftələrdə Marağa şəhərində yoluxma halları artıb.
Rektor həmçinin bildirib ki, virusa yoluxanların orta hesabla yaşı 53-dür və həyatını itirənlərin 40 faizini 80 yaşdan yuxarı vətəndaşlar təşkil edir.
İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Şərqi Azərbaycan vilayəti ölkədə pandemiyanın ən təhlükəli səviyyəsində olan vilayətlər siyahısındadır.
Avqustun 2-də Qərbi Azərbaycan vilayətinin Səhiyyə İdarəsinin rəsmi internet portalı vilayətin pandemiya ilə əlaqədar hesabatında, avqustun 23-də vilayət xəstəxanalarında cəmi 301 nəfər virusa yoluxan xəstənin müalicə olunduğu və bunlardan 100 nəfərinin vəziyyətinin ağır və təhlükəli səviyyədə olduğu bildirilib. Həmin hesabatda vilayətdə həyatını itirənlərin sayı 839 nəfər qeyd olunub.
Ən təhlükəli digər vilayət İran Azərbaycanının Ərdəbil vilayətidir.
Ərdəbilin Səhiyyə İdarəsinin rəhbər müavini bildirib ki, avqustun 24-də 7 nəfər həyatin itirib və 54 nəfər ağır vəziyyətdədir.
İran Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 24-ə qədər ölkədə ümumilikdə 361 min 152 nəfər koronavirusa yoluxub.
Nazirliyin sözçüsü son 24 saatda 2245 vətəndaşda virus aşkarlandığı və 133 nəfər yoluxanın isə həyatını itirdiyini bildirib. Beləliklə pandemiyanın başından bəri ölkədə həyatin itirənlərin sayı 20776 nəfərdir.
Sözçü İranın Tehran, Mazəndəran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasan, Kerman, Semnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətlərinin təhlükə səviyyəsinin çox yüksək olduğunu bildirib.