İranın Şərqi Azərbaycan vilayətində 1500 səhiyyə işçisi koronavirusa yoluxub
Təbriz Tibb Elmləri Universiteti rektorunun müavini Şərqi Azərbaycan vilayətində pandemiyanın başlanmasından bəri 1500 səhiyyə işçisinin koronavirusa yoluxduğunu bildirib.
İLNA xəbər agentliyinə istinadən Abbas Əli Dorosti kronavirusa yoluxan səhiyyə işçilərinin 10 faizinin həkimlər, 70 faizi tibb bacıları və 20 faizinin vilayətdəki səhiyyə idarəsinin dəstək vahidinin çalışanları olduğunu bəyan edib.
Dorosti deyib ki, virusa yoluxan səhiyyə işçilərindən bu günə qədər 5 nəfər həyatını itirib ki, onların bəzisi 50 yaşdan aşağı və daha öncədən heç bir xroniki xəstəlikləri olmayan şəxslər olublar.
O, vəziyyətin belə davam etdiyi təqdirdə xəstəxanaların qısa zamanda dolacağını bildirib.
Dorosti son durum barədə vilayətin fərqli şəhərlərində 850 virusa yoluxan şəxsin xəstəxanalarda müalicə aldıqlarını və 200 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Qərbi Azərbaycan vilayətində də təhlükəli vəziyyət davam edir və iyulun 17-dən vilayətdə pandemiya məhdudiyyətləri bir həftə daha uzadılıb.
Ərdəbil vilayətinin Səhiyyə İdarəsinin rəhbəri Şəhram Həbibzadə vilayətdə iki şəhərdən başqa digər bölgələrin çox təhlükəli vəziyyətdə sayılan bölgələr kateqoriyasında yer aldığın bildirərək, Xalxal şəhərinin xəstəxanalarının dolduğu haqda məlumat verib.
Həbibzadənin dediyinə görə, son sutkada vilayətdə virusa yoluxanlardan 11 nəfəri həyatını itirib. Təhlükəli vəziyyət davam etdiyi üçün risk qrupuna daxil olan sahələr bağlıqalacaq, beləliklə pandemiya məhdudiyyətləri vilayətdə davam edəcək.
İranda bütövlükdə pandemiyanın təhlükəli durumu davam edir, Səhiyyə Nazirliyinin iyulun 21-də verdiy açıqlamaya görə, son gün ərzində 2625 yoluxma halı aşkarlanıb və 229 nəfər isə həyatını itirib. Nazirliyin sözçüsü, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Mazəndəran, Fars, Rəzəvi Xorasan, Əlborz, Xuzistan, Luristan, Gülüstan, Kirman və İlam vilayətlərində təhlükənin ən yuxarı səviyyəsində olduğunu bəyan edib.
İran Yaxın Şərq regionunda COVİD-19 virusunun ən ağır yayıldığı və ən çox itki verdiyi ölkədir.
Fevralın 19-da Qum şəhərində iki xəstənin vəfat etməsinin ardından hökumət ölkədə ilk virusa yoluxma hallarını rəsmi şəkildə elan edib. Həmin şəhərin hökumət tərəfindən karantinə alınmamasından sonra pandemiyanın mərkəzinə çevrilmiş bu şəhərdən virus digər şəhərlərə yayılmağa başlayıb. Daha sonra ölkədə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin şəkildə artıb.
VOA