İranın Qərbi Azərbaycan vilayətində ziddiyyətli pandemiya tədbirləri
Qərbi Azərbaycan vilayətində Covid-19 virusuna yoluxanların sayının artması ilə yenidən məhdudiyyət tədbirləri bərpa olunur, ancaq vilayət rəsmilərinin ziddiyyətli qərarları vətəndaşların tənqidlərinə səbəb olub.
İRNA Xəbər agentliyində yayımlanan pandemiya ilə əlaqəli vilayət rəsmilərinin qərarlarına əsasən iyunun 24-dən park və gəzinti sahələrinə girişlərə qadağa qoyulub, ancaq eyni gündən etibarən kino-teatrlar fəaliyyətə başlayıb.
Urmiyə bələdiyyəsinin məsullarından olan Əli Şayegan İRNA xəbər agentliyinə verdiyi müsahibədə pandemiya tədbirləri əsasında vətəndaşların bir araya gəlməsinə mane olmaq üçün parklar və gəzinti sahələrinə giriş qadağası tətbiq edildiyini, park və gəzinti sahələrinə daxil olan avtomobil sahiblərinin 500 min tümən cərimə ediləcəyini bildirib.
Həmin gün Qərbi Azərbaycan vilayətinin İncəsənət Mərkəzinin rəhbəri Əhəd Huşmənd iyunun 24-də İRNA-ya verdiyi müsahibədə kino-teatrların bu gündən etibarən açıq olacağını bildirib.
Son günlərdə Urmiyədə yoluxanların sayının artması ilə daha bir xəstəxana koronavirusa yoluxanların müalicəsi üçün ayrılıb. Vilayətin Tibb Elmləri Universitetinin rektoru Dr. Cavad Ağazadə iyunun 24-də vilayətin vəziyyətinin təhlükəli olduğunu bildirib.
Son 24 saatda 144 nəfərin koronavirus səbəbi ilə vilayət xəstəxanalarına yerləşdirildiyi bildirilir.
İranda virusa yoluxanların heç də hamısı xəstəxanalara qəbul olunmur və sadəcə ağır vəziyyətdə olanlar müalicəyə alınır.
İran Səhiyyə Nazirliyinin iyunun 24-də verdiyi məlumatag örə,son 24 saatda aşkarlanan 2531 yeni yoluxma halı qyedə alınıb. Pandemiyanın başlamsından bəri isə yoluxanların ümumi sayı 212 501 nəfərdir.
OVA