İranın Evin həbsxanasında saxlanılan 3 güneyli fəal ayrı-ayrı korpuslara köçürülüblər
İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında saxlanılan 3 güneyli fəalın fərqli korpuslara köçürüldüyü bildirilir.
İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyətinin yayımladığı məlumata əsasən, İranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalları Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı həbsxananın şəraitinə etiraz etdikləri üçün ayrı-ayrı korpuslara köçürülüblər.
Avqustun 16-da Əlirza Fərşi, Behanm Şeyxi və Həmid Mənafi Nadarlı ailələrinə telefon vasitəsilə korpuslarının dəyişilməsi barədə məlumat veriblər.
İranda türklərin öz ana dillərində təhsil almaq haqlarını tələb etmək üçün həbsdə saxlanılan bu üç azərbaycanlı fəal həbsxanada sağlamlıq vəziyyətinə və COVİD-19 xəstəliyinin Evin həbsxanasında yayılmasına etiraz etdikdən sonra korpuslarının dəyişdirildiyini bildiriblər.
Behnam Şeyxi həbsxananın 4-cü korpusuna, Həmid Mənafi Nadarlı 8-ci korpusun 8-ci bölməsinə və Əlirza Fərşi isə həmin korpusun 9-cu bölməsinə köçürülüb.
Yayımlanan məlumata görə, Əlirza Fərşinin köçürlüdüyü bölmə həbsxananın ən təhlükəli bölmələrindən biri sayılır.
Avqustun 10-da İranın Evin həbsxanasında məhbuslar arasında koronavirusun yayılmasından dolayı 27 siyasi məhbus bu həbsxananın həyətində oturaq aksiya keçirmişdi.
Məhbusların keçirdiyi aksiyadan sonra avqustun 12-də İran televiziyasında yayımlanan bir xəbər verilişində Evin həbsxanasının 8-ci korpusunda vəziyyətin normal olduğu haqda məlumat verildi. Koronavirusun həbsxanada yayılmadığına dair reportaj həbsxanadakı siyasi məhbusların etirazına səbəb oldu.
Avqustun 13-də Evin həbsxanasında saxlanılan 15 məhbus birlikdə bəyanat yayaraq, İran dövlət televiziyasının Evin həbsxanasının vəziyyəti ilə bağlı yayımladığı reportajının “yalan və gülünc” olduğunu bildirdilər.
2014-cü ilin Fevral ayının 20-də Əlirza Fərşi, Behanm Şeyxi və Həmid Mənafi Nadarlı Əkbər Azad ilə birlikdə həbs edilib və birinci instansiya məhkəməsində ümumi 45 il həbs cəzası və 8 il sürgünə məhkum ediliblər.
Yanvarın 20-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.
VOA