İranda türkmənlərin “Səhra” jurnalının lisenziyası ləğv edilib
İranda yaşayan Türkmənlərin səsi olan 1998-ci ildən etibarən İranın Türkmənsəhra bölgəsində nəşr edilən “Səhra” dərgisinin lisenziyası İranın İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, son günlər İranın Gülüstan vilayətində 17 jurnalın lisenziyası bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilib.
Lisenziyası ləğv olunan jurnalların ən önəmlisi İranda yaşayan türkmənlərin səsi olan “Səhra” jurnalıdır.
1998-ci ilin mart ayının 18-dən fəaliyyətə başlayan “Səhra” dərgisi ilk olaraq aylıq və sonralar isə həftəlik nəşr edilirdi.
20 il fəaliyyət və 2 il fəaliyyətinin dayandırılmasından sonra lisenziyası ləğv edilən “Səhra” jurnalının sahibi, tanınmış türkmən tədqiqatçı Əbdürrəhman Diyəci idi.
Fəaliyyəti müddətində 500 nüsxəsi nəşr edilən bu jurnalda türkmənlərin mədəniyyəti və milli hüquqları barədə yazılar dərc edilirdi.
“Səhra” jurnalının yazarlarından biri və “Olkamiz” saytının müdiri Lətif İzədi bu dərginin lisenziyasının ləğv edilməsindən sonra yazıb; Türkmənsəhranın ilk jurnalının lisenziyasının ləğvi bu torpağa vurğun olanlar üçün acı bir xəbər idi. “Səhra” jurnalı Türkmənsəhranın xəbərlərı, hadisələri, problem və tələblərinin işıqlandırılmasında mühüm rolu var idi.”
İzədi həmçinin yazıb ki, “İndi “Səhra” bağlansa da, xatirəsi və adı qalır. “Səhra”nın ürəyindən onlarla kağız və virtual nəşrlər və media ortaya çıxıb, bunların hər biri türkmən xalqının mədəniyyəti, dili və ədəbiyyatını tanıtmaq üçün çalışır.”
Diyəci dərginin lisenziyasının ləğvi ilə əlaqədar yazıb ki, bu gün bizim vicdanımız rahatdır, çünki Türkmənsəhranın ilk jurnalı ilə məzlum xalqımızın ədalət tələbi səsini ucaldırdıq.”
Bəndər-Türkmən şəhərində anadan olmuş Əbdürrəhman Diyəci Tehran Universitetinin Gözəl Sənətlər ixtisasından və İstanbul Universitetindən İncəsənət Tarixi üzrə doktorluq dərəcəsinə sahibdir.
Sərhədsiz reportyorlar saytı bu il dünya ölkələrinin mətbuat azadlığı indeksində İranın 180 ölkə arasında keçən ilə görə 3 pillə gerilədiyini və 173-cü yeri tutduğunu bildirib.
VOA