İranda səhralaşma problemi Urmiyə gölünün canlanmasını çətinləşdirib
Urmiyə Gölünü Canlandırma Mərkəzinin rəsmiləri son bil ərzində Enerji Nazirliyinin gölə lazımı həcmdə su buraxmaqdan imtina etdiyini ifadə ediblər.
Mərkəzin Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Təcrişi İran təqvimi ilə son il ərzində Enerji Nazirliyinin heç bir bənddən Urmiyə Gölünə su buraxılmasına icazə vermədiyini bildirib.
Urmiyə Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan vilayətindəki şöbəsinin direktoru Fərhad Sərxoş isə hazırda göldə su səviyyəsinin keçən ilin eyni dövrü ilə müqayisədə azaldığını ifadə edib. Onun dediyinə görə, Enerji Nazirliyi Ali Su Şurasının qəbul etdiyi layihələrlə bağlı öhdəliklərini yerinə yetirməyib.
Təcrişi inkişaf etmiş ölkələrdə suyun bölüşdürülməsində üstünlüyün ətraf mühitə verildiyini və sonra başqa məqsədlər üçün planlaşdırıldığını qeyd edərək, İranda bu sistemin əks işlədiyini deyib.
O, son ildə Enerji Nazirliyinin Urmiyə Gölünə bəndlərdən 640 milyon kub metr suyun buraxılması lazım olduğu halda, yalnız 165 kub metr həcmdə su buraxdığını bildirib.
İranda mütəxəssislər və ətraf mühit fəalları Urmiyə Gölünün quruması nəticəsində 15 milyon vətəndaşın dolanışıq və həyati təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edirlər.
Hazırda göldə 3 milyard 810 milyon kubmetr həcmdə su var, halbuki Canlandırma Mərkəzinin hesabatına görə, gölün canlanması üçün suyun həcmi 14.1 milyard kub metr olmalıdır.
Urmiyə gölünün dəniz səviyyəsindən 1271.42 metr hündürlükdə olduğu bildirilir ki, bu rəqəm də keçən ilin eyni dövrü ilə müqayisədə azalmanın göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə su səviyyəsində 38 sm. civarında azalma baş verib. Gələcək aylarda isti mövsümün gəlməsi ilə buxarlanma səbəbilə su səviyyəsinin daha da azala biləcəyi güman edilir.
Buna baxmayaraq, İran prezidenti Həsən Ruhani keçən il iyun ayında çıxış edərək, administrasiyanın gölü xilas etdiyini idda etmişdi.
Ancaq Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin başqanı Gəsən Abbashejad ölkədə və vilayətdə səhralaşma probleminin ciddi olduğuna diqqət çəkərək deyib ki, “Urmiya gölünə az diqqət yetirsək, mütləq səhra mərkəzlərindən birinə çevriləcəkdir.”
Bir neçə gün əvvəl İSNA xəbər agentliyinə danışan Meteoroloji Təşkilatın Milli Quraqlıq və Böhran İdarəetmə Mərkəzinin rəhbəri Əhəd Vəzifə ölkənin ağır quraqlıq şəraitində olduğu barədə xəbərdarlıq edib.
Qərbi Azərbaycan vilayətinin bəndlərində olan su səviyyəsinin keçən ilə görə 2 faiz azaldığı bildirilir. Su böhranının Şərqi Azərbaycanda daha da ağır olduğu bildirilir. Belə ki, Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə baş direktoru bəndlərin suyunda 18 faiz, vilayətin axar sularında isə 40 faiz azalma olduğunu söyləyib. Ölkədə olan bəndlərin su anbarlarında 19 faiz azalmanın müşahidə olunduğu bildirilir.
VOA