İranda prezidentliyə namizədlərin türk icmasına vədləri medianın gündəmində
Möhsin Mehrəlizadə və Əbdülnasir Himməti başda olmaqla, İranda prezidenliyə namizədlər Azərbaycan və digər vilayətlərdə yaşayan türk seçicilərin diqqətini cəlb etmək üçün müxtəlif vədlər irəli sürməyə davam edirlər.
Əslən Həmədan türklərindən olan mötədil siyasətçi Əbdülnasir Himməti keçən bir neçə gün ərzində Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin telekanallarından yayımlanan söhbətlərində türk dilinin tədrisi ilə əlaqədar vədlər səsləndirib.
İran Mərkəz Bankının keçmiş sədri, həmçinin həmin vilayətlərdə iqtisadiyyatın inkişafı, Türkiyə və Azərbaycan Respublikası ilə ticari əlaqələrin genişləməsi və Urmiyə Gölünün canlandırılması yönündə fəaliyyət göstərəcəyini irəli sürüb.
Əslən İran Azərbaycanının Marağa şəhərindən olan və islahatçı siyasətçi kimi tanınan Möhsin Mehrəlizadə isə şənbə günü Qərbi Azərbaycan vilayətinin telekanalından yayımlanan söhbətlərində prezident seçildiyi təqdirdə 2013-cü ildən bəri gündəmdə olan “Türk Dil Qurumunu” təsis edəcəyinə söz verib.
Türk Dil Qurumu vədini ilk dəfə prezident Həsən Ruhani 2013-cü ildə seçki kampaniyalarında gündəmə gətirmişdi. Bu və digər vədlərini yerinə yetirməyən Ruhani Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” və “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” kimi şüarlar ilə qarşılaşmışdı.
Mehrəlizadə Qərbi Azərbaycan telekanalında “türk dilində təhsil və tədris hüququnun tanınması”, “türk ziyalıların yüksək vəzifələrə gətirilməsi”, habelə “Qərbi Azərbaycan vilayətində İran, Türkiyə və Azərbaycan arasında ortaq bazar yaradılması” haqqında vədlər verib.
Keçən həftələrdə keçirilən debatlarda namizədlərin dəfələrlə türk icmasından səs istəməsi və bəzi namizədlərin bir neçə kəlmə türkcə danışması hələ də İran mediası və siyasi mühitlərində müzakirə mövzusu olmaqda davam edir.
İran televiziyasından yayımlanan debatların birində Mehrəlizadə mühafizəkar baş hakim İbrahim Rərisinin “azəri” kəlməsindən istifadə etməsinə etiraz edib. Mehrəlizadə deyib ki, “bunu düzəltməliyim ki, bizdə azəri yoxdur. Şərqi və Qərbi Azərbaycanda, Ərdəbil, Həmədan, Zəncan, Xorasan, İsfahan və Şirazda yaşayanlar türkdür. Cənab Rəisi buna diqqət göstərsinlər.”
VOA