İranda Məhəmməd Əmin Rəsulzadənin xatirələri nəşr edilib
Bu günlərdə Tehranda Məhəmməd Əmin Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabı (“Dər xane-ye həmsayeha”) “Qonşunun evində” adı ilə nəşr edilib. Kitabın ikinci adı kimi “Məhəmməd Əmin Rəsulzadənin xatirələri” göstərilib.
Bu barədə “Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun üzvü, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi Facebook səhifəsində yazıb.
Məlumatda deyilir ki, Tehranın “Nəşr-e elm” nəşriyyatı tərəfindən buraxılan və 118 səhifədən ibarət olan kitabı Azərbaycan dilindən fars dilinə Kirmandakı Şəhid Bahonər universitetinin Tarix qurumunun üzvü Fərhad Dəştəkiniya tərcümə edib.
Kitaba yazdığı girişdə (“Tərcüməçinin Müqəddiməsi”) Fərhad Dəştəkiniya M.Ə.Rəsulzadəni “Bakı əhlinin tanınmış fikir adamı, yazar, jurnalist və siyasətçisi” kimi təqdim edib və onun adının İranın müasir tarixində yaxşı tanındığını vurğulayıb.
“Kitabda Rəsulzadənin Məşrutə inqilabı zamanı İrana gəldiyi, ölkənin bir çox ziyalıları ilə əməkdaşlıq etdiyi, İran Demokrat Partiyasının təsisçisi və bu partiyanın mətbu orqanı “İrane-nou” qəzetinin redaktoru olduğu göstərilir. Məhəmməd Əmin bəyin İrandan sonrakı həyatına da qısaca nəzər salmaqla F.Dəştəkiniya bu adamın bütün İslam dünyasında ilk Cümhuriyyətin dövlət başçısı səviyyəsinə qalxdığına xüsusi diqqət çəkir,” Solmaz Rüstəmova-Tohidi qeyd edir.
O qeyd edir ki, son illər iranlı müəlliflər Rəsulzadənin şəxsinə və əsərlərinə böyük maraq göstərir.
“Bir neçə il əvvəl tanınmış tarixçi Rəhim Rəis Niya M.Ə.Rəsulzadənin İran Məşrutə inqilabı ilə bağlı əsərlərini (“İran məktubları”) fars dilinə tərcümə etmişdi. Rəsulzadə ilə bağlı bir sıra tədqiqat işləri, məqalələr də yazılmışdır. Bu sıradan bir kitabın – M.Ə.Rəsulzadənin İran Demokrat Partiyası və “İran-e nou” qəzeti ilə bağlı fəaliyyətinə həsr olunmuş və elmi əhəmiyyətinə görə çox mühüm bildiyimiz bir monoqrafiyanın fars dilindən Azərbaycan dilinə tərcüməsinə dair hazırda iranlı həmkarlarımızla danışıqlar gedir,” tarix elmləri doktoru qeyd edir.