İranda karantin rejimi sərtləşdirilib
İranın Səhiyyə nazirinin müavini İrəç Hərirçi televiziyada çıxışı zamanı bildirib ki, koronavirusun geniş yayılması nəticəsində yoluxma və ölüm hallarının artması karantin rejiminin bəzi vilayətlərdə sərtləşdirilməsini zərurətə çevirib. İki həftə ərzində bütün kütləvi toplanma yerlərində tibbi maskadan istifadə məcburi olacaq. Bununla yanaşı, İranın Qərbi və Şərqi Azərbaycan, Sistan-Bəlucistan, Fars, Kirman , Əlborz, Hörmüzgan, Rezavi, Buşəhr vilayətlərində sərt karantin rejimi tətbiq ediləcək.
Karantin rejimi müddətində insanların kütləvi toplaşdığı yerlər bağlanıb, zərurət olmadan evdən çıxmaq qadağan edilib.
Nazir müavini bildirib ki, vəziyyətdən asılı olaraq karantin rejiminin müddəti uzadıla bilər. Adıçəkilən vilayətlərdə bir daha dezinfeksiya işləri aparılacaq.
Xatırladaq ki, İranda koronavirusdan hər gün 100-dən çox adam ölür.