İranda həbs cəzasının azaldılmasına dair yeni qanun Abbas Lisaniyə şamil edilməyib
Keçən may ayında İranın İslami Cəza Qanununda aparılan islahata uyğun olaraq Abbas Lisaninin həbs cəzasının azaldılmasına dair icra şöbəsinin müraciəti Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib.
Məhkəmə tanınmış siyasi fəalın 15 illik həbs və iki il sürgün hökmünü qüvvədə saxlayıb.
Amerikanın Səsinin surətini əldə etdiyi Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinin çıxardığı qərara əsasən, məhkəmə Abbas Lisaninin durumu və keçmiş fəaliyyətlərini nəzərə alaraq həbs cəzasının azaldımasına dair müraciəti qəbul etməyib.
2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan Lisani həmin ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində 8 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi. Türk fəal Apellyasiya Məhkəməsinə müraciət edərək ilkin məhkəmənin çıxardığı qərara etiraz bildirdi. Siyasi fəalın şikayətinə baxan Ərdəbil Apellyasiya Məhkəməsi onun ilkin məhkəmədə bəraət qazandığı bir ittihamı yenidən dosyeyə əlavə edərək, həbs cəzasını 8 ildən 15 ilə artırdı. Lisaninin İran Ali Məhkəməsinə müraciəti isə 2020-ci ilin iyul ayında rədd edildi.
Abbas Lisani təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.
VOA