İranda Azərbaycana müharibə vaxtı dəstək mitinqində iştirak etmiş iki fəal məhkəməyə çağırılıb
İranın Meşginşəhr şəhərində yaşayan iki azərbaycanlı fəal Aydın Zakiri və Siyamək Seyfi məhkəməyə çağırılıblar.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Mart ayının 1-də məhkəmə tərəfindən Xiyav şəhərində yaşayan iki milli fəal Aydın Zakiri ilə Siyamək Seyfiyə göndərilən bildirişə görə, fəallar Qarabağ münqişəsi zamanı Azərbaycana dəstək mitinqi ilə əlaqədar həbs edildikləri dosye ilə bağlı məhkəməyə çağırılıblar.
Fəallara göndərilən bildirişdə onlardan beş gün ərzində yekun müdafiələri üçün Meşginşəhr Ümumi və İnqilab Prokurorluğunun 2-ci şöbəsinə müraciət etmələri tələb edilir.
Aydın Zakiri və Siamak Seyfiyə qarşı “ictimai asayişin pozulmasında iştirak etmək” və “ictimai asayişi pozmaq məqsədilə sui-qəsd planlaşdırmaq” ittihamları irəli sürülüb.
2020-ci ilin oktyabr ayının 18-də Aydın Zakiri ilə Siyamək Seyfiyə Meşginşəhr şəhərində Azərbaycana dəstək mitinqi ilə əlaqədar İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər. Onlar bir müddət saxlandıqdan sonra məhkəmənin son qərarına qədər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
Sentyabrın 29-dan başlayaraq İran Azərbaycanının əksər şəhərlərində və İranın digər türkdilli vilayətlərində Qarabağda hərbi münaqişə zamanı Azərbaycan Respublikası və ordusuna dəstək məqsədilə keçirilən dinc mitinqlərlə əlaqədar çox sayda milli fəal və adi vətəndaş həbs edilib. Onlardan bəziləri ağır işgəncələrə məruz qalıb və yüksək məbləğdə girov müqabilində məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıblar.
VOA