İran: “Instagram-da körpələri satanlar” həbs olunub
İranda iki körpə uşağı Instagram-da satmaq cəhdində şübhəli bilinən üç nəfər həbs edilib. Tehranın polis rəisi, briqada generalı Hüseyn Rəhimi uşaqlardan birinin 20 günlük olduğunu bildirib. Digər körpə iki aylıqdır.
Məlumata əsasən, 500 dollaradək pul ödənilərək alınan körpələr yenidən 2000-2500 dollar arası qiymətə satılıb.
Tutulanlardan biri deyib ki, “uşaqları kasıb ailələrdən alıb”, “daha yaxşı gələcək təmin edən ailələrə verirdi”
Yerli mətbuata açıqlamasında general Rəhimi “Instagram-da uşaq satanların elanları” barədə polislərə məlumat verildiyini deyib.
Foto paylaşma xidmətində “10-15 belə səhifəni” aşkar edən polis üç kişinin izinə düşüb.
Körpələr sosial xidmətlərə təhvil verilib və kişilər həbs edilib.
Şübhəlilərin iddiasına əsasən, uşaqlar “kiçik ödəniş” müqabilində kasıb ailələrdən alınıb.
“Bu, körpələrin daha yaxşı gələcəyinə kömək edərdi,” – “Gənc Jurnalistlər Klubu” agentliyi tərəfindən yayılan videoda şübhəlilərdən biri deyir.
Bu, İran hakimiyyəti tərəfindən aşkara çıxarılan ilk belə hal deyil.
Bu ilin əvvəlində Gürqan əyalətinin polisi dörd kişi və qadını həbs edib. İddia olunur ki, onlar tapdıqları kasıb hamilə qadınların xəstəxana xərclərini ödəyəndən sonra, yeni doğulan körpələri analarından götürürmüşlər.
2016-cı ildə İranın Ailə və Qadın işləri üzrə vitse-prezidenti uşaq gözləyən analar arasında öz körpələrini satanların “yüksək sayının” narahatlıq doğurduğunu deyib.
Şahindöht Molaverdinin sözlərinə görə, qadınları buna məcbur edən kasıblıq, erkən nikahlar və evsizlik kimi bır sıra amillər mövcuddur. BBC