“İran dövlətinin böyük sənayeləri yağış almayan İsfahana yerləşdirməsi su qıtlığına səbəb olub”
Jurnalist Pərviz Yari Amerikanın Səsinə müsahibədə son illərdə İranın müxtəlif vilayətlərində məişət çətinlikləri və su qıtlığı ilə əlaqədar vaş verən etiraz aksiyalarını dəyərləndirib. Yari, həmçinin İsfahanda baş verən su etirazları haqqında danışıb.
Yarinin sözlərinə görə, “Həsən Ruhani dönəmində böyük şüarlar verildi ki, nüvə anlaşmasından sonra İranın iqtisadiyyatı bir düzənə girəcək və embarqolar azalacaq. Ancaq, bu, yaşanmadı və İranın iqtisadiyyatı gündən günə pisə getdi. Buna görə, 2017-dən etibarən yaşanan etirazların mahiyyəti yoxsulluq, bahalıq və çevrə məsələləri ilə bağlı olub. Dövlət də bu etirazlara böyük təpki verib.”
Keçən bir neçə il ərzində xüsusilə də İranın ərəb icmasının yaşadığı bölgələrdə baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçı polis və təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
İranda su qıtlığı ilə əlaqədar kütləvi aksiyalar artıq qeyri-fars icmaların yaşadığı bölgələrə məhdud deyil. Son vaxtlar, İsfahan şəhərində minlərlə insan suyun kəsilməsinə və şəhərdən keçən Zayəndərud çayının qurumasına etiraz üçün keçirilən mitinqlərə qatılıb.
Pərviz Yarinin dediklərinə görə, “İsfahanda əkinçilər illərdir ki, etiraz edirlər. İsfahan İranın ən az yağış alan vilayətlərindən biridir. Keçmişdən bəri az-çox orada əkinçilik var idi və su qıtlığından dolayı bu əkinçilər Zayəndərud çayından haqlarını istəyirdilər. Ancaq, bu çay illərdir qurumuş və dövlət tərəfindən başqa bölgələrdən gətirilən su da artıq İsfahana yetmir. Son dönəm etirazlar daha geniş oldu. Çünki, İsfahan xalqı da əkinçilərə qatılıb və onlara dəstək verdilər.”
“Bunu deməliyəm ki, bu problemlər dövlətin idarəetmə problemi, yanlış yatırımları, habelə yanlış və gələcəyi görməyən siyasətlərindən dolayı yaşanır. Çünki, İsfahan əsasında çox az yağış alan bir vilayətdir, amma, eyni zamanda digər vilayətlərdən gətirilən su və xam maddə ilə İranda ən çox sənayenin yerləşdiyi bir bölgəyə çevrilib. Quru olan bu bölgədə bu qədər sənayenin varlığı xalqın zərərinə olub. Bu siyasət nəticəsində Karun və Dez kimi İranın ən böyük çayları da quruma yoluna gedib. Çahar-Mahal və Bəxtiyari vilayəti ki, İsfahana çox yaxın olmasına rəğmən çox yoxsul bir vilayətdir, xalqı əkinçiliklə keçinir amma orada xalq su tapıb əkinçilik edə bilmir. Xuzistanda eyni problem var. Göllər və çaylar quruyub. Göllərin qurumasından dolayı ortaya çıxan toz xalqın sağlamlığını təhlükəyə salır.”
İranın təhlükəsizlik qüvvələri İsfahan etirazlarına qatılan bir çox vətəndaşı həbs edib. Ancaq, daha əvvəl Azərbaycan və Əhvaz bölgəsində baş verən oxşar aksiyaların əksinə, İsfahan etirazları İranın dövlət televiziyasında yayımlanıb, bəzi dövlət rəsmiləri isə İsfahan əhalisinin tələblərinə dəstək bildirib. Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalının yazdığına görə, “İsfahanda baş verənlər İsfahanın dövlətdə nə qədər nüfuz sahibi olduğunu göstərib.
Pərviz Yari isə deyir ki, “keçmişdən bəri media vasitəsilə İranda türklərdən belə bir portret təsvir edilib ki, türklər siyasətdə çox təsirlidirlər və İran türklərin əlindədir. Ancaq, İran siyasətində güc sahibi olanların yüzdə beşi türklərdir. Eyni zamanda, İran siyasətində ən çox siyasətçi və dövlət rəsmisi İsfahandandır. İsfahan İran siyasətində çox yetkindir.”