İran azərbaycanlıları Brüsseldə “Azadlıq və Ədalət” yürüşü keçirəcək
Avropada yaşayan bir qrup güneyli fəal və bir neçə siyasi təşkilat İrandakı son etirazlar fonunda 25 mart günü Brüssel şəhərində aksiya keçirməyə hazırlaşırlar.
Araz News və Az News TV saytlarında yayılan məlumata istinadən, “Azadlıq və Ədalət” adı altında keçiriləcək olan yürüşün proqramı 200-dən artıq güneyli diaspora fəalının təsdiqi ilə qəbul olunub.
Yürüş 25 mart günü günortadan sonra Brüssel şəhərinin Lüksemburq meydanında başlayıb və Avropa İttifaqının əsas qurumlarının yerləşdiyi Şuman meydanına qədər davam edəcək.
Araz News saytında yayımlanan koordinasiya qrupunun bəyanatında aksiyanın İran hakimiyyətinin repressiv və qeyri-insanı siyasətlərinə etiraz olaraq təşkil edildiyi bildirilib.
“Ana yurdumuz Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələr siyasi, iqtisadi və ətraf mühit fəlakətləri ilə qarşı-qarşıyadır. Mövcud vəziyyət və 5 aydan artıqdır davam edən etirazlar fonunda Azərbaycan və digər bölgələrdə yaşayan türklərin milli hüquqları uğrunda birlik və davamlı fəaliyyətin zərurəti hər zamandan daha artıq hiss edilməkdədir. Bu istiqamətdə Avropada yaşayan türklər olaraq, Güney Azərbaycan və başqa bölgələrdə İran rejiminin etirazçılara qarşı götürdüyü repressiv və qeyri-insani ölçüləri məhkum etmək üçün effektiv bir addım atmağa qərar verdik” , koordinasiya qrupunun bəyanatında yazılıb.
Siyasi fəallar Şərifə Cəfəri və Saleh Kamrani yürüşü təşkil edən koordinasiya qrupunun sözçüləri olaraq seçilib.
VOA