İran Azərbaycanının ucqar kəndlərində tələbələr təhsildən məhrum qalıblar
İran Azərbaycanının kəndlərində tələbələr internet infrastrukturu çatışmazlığı səbəbilə təhsildən məhrum qalıblar.
İran Azərbaycanında yaşayan sənədli film rejissoru Məhəmməd Əlimuradinin öz Instagram səhifəsində yayımladığı videoya görə, Mərəndin Düyücan kəndinin tələbələri təhsil imkanlarının yoxluğundan dolayı təhsildən məhrum qalıblar.
Mərənd Şərqi Azərbaycan vilayətinin şəhərlərindən biridir və Təbrizdən 60 km şimal-şərqdə yerləşir. Düyücan kəndi Mərəndin ən yüksək kəndidir və Zərqan ilə Binab Kəndi kəndlərindən sonra bu kənd görünür.
Bu kənddə turizm sahələri və bir çox gözəlliklərin olmasına baxmayaraq, kənd yoxsul və geridə qalmış bölgələrdən biri sayılır.
Düyücan kəndinin İsalmi Şurasının üzvü Ənvər Hacərinin dediklərinə əsasən, bir ilə yaxndır ki, kəndin məktəbi bağlanıb və kənddə internet yoxdur.
Məhəmməd Əlimuradi çəkdiyi videoyu paylaşaraq yazıb ki, “Xeyriyyəçilərin yoxsullar arasında dağıtdığı maskalar və dezinfeksiyaedicilər belə onlara çatmır.”
Hacəri həmçinin bildirib ki, bu vəziyyət ilə əlaqədar qubernatorluğa və Mərəndin millət vəkilinə də müraciət ediblər, amma heç bir nəticə əldə edilməyib.
İranda bir çox ölkədə olduğu kimi, COVID-19 xəstəliyinin yaratdığı vəziyyətə görə, məktəblər virtual təhsil sisteminə keçib. Amma kəndlərdə internetin olmaması və ya zəif olması səbəbindən kəndlərdə yaşayan tələbələr təhsildən məhrum qalıblar.
Kəndlərdə virtual təhsil prosesində internetin zəifliyi, kompüter və smartfonların kəndlərdə məhdudluğu, bundan əlavə pulsuzluq və imkansızlıq COVID-19 pandemiyası dövründə tələbə və müəllimlər üçün ciddi problemlərin yaranmasına səbəb olub.
VOA