İran Azərbaycanının tanınmış şair və jurnalisti Həsən Riyazi vəfat edib
İran Azərbaycanının İldırım ləqəbli tanınmış şair, jurnalist və müəllifi Həsən Riyazi avqustun 19-da müalicə gördüyü Tehran şəhərində vəfat edib.
İranın Böyük Sənətkarlar İnstitutunun rəhbəri Niknam Hüseynipur İran İslam Respublikasının rəsmi xəbər agentliyi İRNA-ya verdiyi açıqlamada, Həsən Riyazinin koronavirusa yoluxduqdan sonra Tehranda müalicə gördüyü xəstəxanada vəfat etdiyini bildirib.
Həsən Riyazinin dəfn mərasimi avqustun 20-də Tehranda pandemiya məhdudiyyətləri səbəbilə az sayda insanın iştirakı ilə keçirilib.
Həsən Riyazi 1959-cu ilin fevral ayında İranın şərqi Azərbaycan vilayətinin Sarab şəhərində anadan olub. O, təhsilinin ilk mərhələlərini şərqi Azərbaycan vilayətində bitirdikdən sonra ali təhsilə Tehranda yerləşən “İran Tibb Elmləri Universiteti”-ndə davam edib. Onkoloq doktor Həsən Riyazi həkimlik və tibb sahəsində məşhur olmasa da, tibb ixtisasında məzun olduqdan sonra Tehranın “Doktor Şəriəti” xəstəxanasında illər boyu həkim olaraq çalışıb.
Azərbaycan ədəbiyyatı və incəsənət saytı “İşıq” Riyazinin Azərbaycan ədəbiyyatı ilə maraqlanamsı haqda yazıb ki, “Yeniyetəmə Həsən qış gecələri evlərinə yığışan qohum-qonşuya Azərbaycanın klasik nağıllarından olan Koroğlu və Əsli Kərəm kimi çap olmuş kitabları oxuyur və özü də bu nağılların təsiri altında 1354(1975)-cü ildən Azərbaycan ədəbiyyatı ilə ciddi şəkildə maraqlanır.”
Riyazi 1975-ci ildə ədəbi fəaliyyətlərinə başlayaraq Tehranda Azərbaycan ədəbi dərnəklərinin təsisçilərindən olub, şairlik, yazıçılıq və jurnalistlika fəaliyyətləri ilə birgə müxtəlif dünya ölkələrinin ədəbi əsərlərini tərcümə etmişdir.
Riyazi son 20 ildə “Azəri” ədəbi dərgisinin baş redaktoru və “Həbib Sahir Ədəbiyyat və Mədəniyyət Dərnəyi”-nin katibi vəzifəsində çalışıb.
Həsən Riyazinin ən məşhur və mühüm əsərlərindən biri “Ana dili – Azərbaycan Türkcəsinin qrammatikası”dır.
Dəfn mərasimində iştirak edənlər “başın sağ olsun Azərbaycan” yazılan plakat daşıyıblar.
VOA