İran Azərbaycanında təqaüdçülər ağır məişət şəraitinə qarşı etiraz mitinqi keçirib
İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ölkənin ən azı 20 şəhərində etiraz aksiyaları keçiriblər.
Sosial media şəbəkələrində yayımlanan foto və videolara əsasən, bu gün dekabrın 18-də Təbriz, Ərdəbil, Zəncan, Həmədan, Ərak və Bicar şəhərlərində telekommunikasiya şirkətinin təqaüdçüləri tələbləri irəli sürərək, İranın digər şəhərləri ilə eyni vaxtda etiraz aksiyaları keçiriblər.
Tehran, Kirmanşah, Saqqız, Əhvaz, Şiraz, İsfahan, Rəşt, Sənəndəc, Bocnurd, Mərivan, Xürrəmabad və Bəndər Abbas, Şəhrikürd, Sari, Dezful, İlam və Zahidan şəhərlərində də təqaüdçülər Telekommunikasiya Şirkətinin binaları qarşısında piket keçiriblər.
Telekom təqaüdçüləri adətən bazar ertəsi etiraz aksiyaları keçirirlər. Bu yığıncaqlarda təqaüdçülər korrupsiyaya, yoxsulluğa, yüksək qiymətlərə, inflyasiyaya, ağır məişət şəraitinə qarşı şüarlar səsləndirirlər.
İsfahan vilayətində təqaüdçülərin keçirdiyi piketdən yayımlanan videoda etirazçıların “biz ədalət görmədik, parlament seçkisində səs verməyəcəyik” şüarını səsləndirdiyi müşahidə olunur.
Telekommunikasiya şirkətinin təqaüdçüləri dövlət qulluqçuları ilə bağlı 2010-cu ildə parlamentdə təsdiq edilmiş qanunun icrasını tələb edirlər. Ona görə də, keçirilən bütün mitinqlərdə “qanunların qüvvəyə minməsi bizim haqqımızdır” ümumi şüar kimi səsləndirilib.
Sözügedən qanunun təsdiqindən 13 il keçməsinə baxmayaraq, təqaüdçülərin davamlı etirazlarına baxmayaraq, görünən odur ki, onların tələblərinin yerinə yetirilməsi üçün nəinki maneələr aradan qaldırılmayıb, icraedici orqanlar da öz vəzifələrini yerinə yetirə bilməyib.
Ağır məişət şəraiti, yetərsiz maaşlar və sağlamlıq sığortası səbəbindən yüksək qiymətlər və inflyasiyadan əziyyət çəkən Telekommunikasiya Şirkətindən təqaüdə çıxanlar hər həftə hər vilayətin mərkəzində yerləşən müvafiq idarənin binası qarşısında etiraz mitinqləri keçirir.