İran Azərbaycanında tələbə hərəkatı Yağış jurnalının qapadılmasını qınayıb
İranın Gilan Universitetində azərbaycanlı tələbələr tərəfindən nəşr olan Yağış jurnalının qapadılmasın ardınca tələbələr birgə bəyanat yayaraq etirazlarını bildiriblər. Ötən günlərdə Yağış jurnalının səlahiyyətliləri tərəfindən yayımlanan bəyanatda bu jurnalın 1-ci sayından sonra nəşrinin dayandırıldığı barədə məlumat verilmişdi.
İran Azərbaycanının tələbə fəalları Yağış jurnalının qapadılmasının qanunsuz və ədalətsiz bir qərar olduğunu bildirərək dərhal bu qərarın ləğv edilməsini və jurnalın ikinci sayının nəşr olmasına icazə verilməsini tələb ediblər. Həmin bəyanata 28 tələbə ocağı və jurnalı qol çəkiblər.
Bəyanatda azərbaycanlı tələbə hərəkatı İranın Məşrutə İnqilabının mirası kimi dəyərlənirilib. “Məşrutə hərəkatı qanuni hökuməti bərpa etmək və azadlıq ilə birgə ədalət üçün mübarizə aparırdı. Məşrutə hərəkatından bu gün 100 il keçsə də müxtəlif dövlət qurumlarının davranışında, xüsusilə universitet mühitlərində, bunların əldə edilmədiyini görürük,” deyə qeyd edilib.
“Ötən əsrdə İranda olan ayrı-seçkilik siyasətləri nəticəsində, Azərbaycan universitet cəmiyyətlərinin başqaları ilə müqayisədə qanuni azadlıqları daha çox pozulub və onlar daha çox repressiyaya məruz qalıbdır, indi isə Gilan universitetinin türk tələbələrinin jurnalı olan Yağış jurnalını dayandırma qərarı azərbaycanlı tələbə hərəkatına böyük zərbə oldu,” bəyanatda dərc edilib.
Tələbə fəallar bəyanatın son bölümündə Gilan vilayətində azərbaycanlı türklər və Gilək xalqlarının qardaşlığını vurğulayaraq, Gilan toplumunun siyasətçilərin tələsinə düşməmələrini istəyərək, “azərbaycanlı tələbə hərəkatı qanun və azadlıq uğrunda mübarizə aparan hərəkat olaraq Gilan Universitetinin rəsmilərinin dərhal Yağış jurnalının dayandırılma qərarını ləğv etməsini və jurnalın ikinci sayının nəşr olunması istəyir,” deyə bildiriblər.
Bu bəyanatı Təbriz Tibb Universiteti, Təbriz Universiteti, Azərbaycan Şəhid Mədəni Universiteti, Ərdəbil Mühəqqiq Universiteti, Zəncan Universiteti, Təbriz Azad Universiteti, Həmədan Tibb Universiteti, Urmiyə Universiteti və Zəncan Tibb Universitetində fəaliyyət göstərən 28 fərqli tələbə ocağı və jurnalı imzalayıb.
Daha öncə də İran Azərbaycanında bir çox tələbə jurnalının nəşri, o cümlədən Təbriz Azad Universitetində Açıq söz, Marağa Universitetində Elin, Urmiyə Universitetində Dəniz tələbə dərgilərinin fəaliyyəti dayandırılıb.