İran Azərbaycanında Qarabağ şənliklərində iştirak edənlər həbs edilir
İran Azərbaycanının Sarab və Tikantəpə (Tekab) şəhərlərində bir neçə milli fəal Qarabağın azad edilməsi münasibətilə qurban kəsdikləri üçün həbs edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, onlar noyabrın 12-də ediliblər.
Sarab şəhərində bir qrup milli fəal Traktor futbol komandasının bayrağını əllərində tutaraq, zəncanlı şair Huşəng Cəfərinin “Qarabağ elə bil anamdır mənim” şerini oxuyub.
Yayımlanan məlumata görə, həmin hadisədən bir neçə saat sonra Firuz Əqili, Babək Dilxuni və bir neçə digər milli fəal həbs edilib.
Tikantəpə (Tekab) şəhərində İranın təhlükəsizlik qüvvələri Qarabağın azad edilməsini qeyd etdikləri üçün 3 güneyli gənc və bu mərasimdə iştirak edən digər milli fəalları həbs ediblər.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, təhlükəsizlik qüvvələri Tikantəpə şəhərində Qarabağın Azadlığını qeyd edən vətəndaşların qurduğu mərasimə basqın edərək, 16 yaşında olan Əmir Rza Muradi Pəhləvan, 16 yaşlı Hüseyn Sədri və 15 yaşında olan Əli Sədrini və həmçinin Məcid Zahid Pur, Saib Nəhavəndi Tikantəpə bə Əbdullah Nəhavəndini həbs ediblər.
HRA agentliyi Məcid Zahid Pur, Saib Nəhavəndi Tikantəpə bə Əbdullah Nəhavəndinin noyabrın 13-də sərbəst buraxıldığını bildirib.
Sarab şəhəri Şərqi Azərbaycan və Tikantəpə şəhəri Qərbi Azərbaycan vilayətində yerləşib.
Azərbaycan Respublikasının Ermənistan və Rusiya ilə erməni silahlı qüvvələrinin dağlıq Qarabağdan çəkilməsi ilə bağlı sülh sazişi imzaladıqdan sonra İran Azərbaycanında milli fəallar atəşfəşanlıq edib, şirniyyat paylayıb və qurbanlar kəsib, müxtəlif şəkillərdə öz sevinclərini nümayiş etdiriblər.
45 gün davam edən ikinci Dağlıq Qarabağ müharibəsi ərzində İran Azərbaycanının əksər şəhərlərində və həmçinin İranın digər türk dilli bölgələrində iki dəfə “Qarabağa dəstək” aksiyaları keçirilib və Azərbaycan ordusunu dəstəkləmək məqsədilə fərqli kampaniyalar, o cümlədən “Biz Azərbaycanın özüyük” kampaniyası başladıb. Bu mitinqlərdə bir çox sayda milli fəal və adi vətəndaş həbs edilib və ağır işgəncələrə məruz qalıb.