İran Azərbaycanında pandemiya ilə bağlı son durum
Qərbi Azərbaycan vilayətində təhlükəli vəziyyət davam edir, virusa yoluxanların rəsmi statistikası tam olaraq acıqlanmasa da, son həftələr pandemiyanın balayandan bəri gündəlik ölüm və yoluxma hallarının yüksək olduğu bildirilir.
Noyabrın 23-də Qərbi Azərbaycan vilayətindəki koronavirus ilə mübarizə komitəsi son sutkada həyatını itirənlərin sayın 23 nəfər olduğunu bildirib. Ancaq 17 digər cəsədin üzərində autopsiya aparıldıqdan sonra onların da ölüm səbəbinin koronovirus olduğu müəyyənləşdirilib. Beləliklə, koronovirusdan ölənlərin sayı 40 nəfərə çatıb.
Komitənin verdiyi məlumata görə, pandemiyanın əvvəlindən vilayətdə koronavirusa yoluxan 2714 nəfər həyatını itirib və bu gün etibarı ilə 307 xəstənin vəziyyəti ağırdır.
Son zamanlar İranda yenidən bərpa edilən qarantin rejimi qaydalarına əsasən Qərbi Azərbaycan vilayətinin bütün şəhərləri təyin edilən 3 təhlükə səviyyəsindən (az təhlükəli, təhlükəli, yüksək səviyyə təhlükəli) təhlükəli və yüksək səviyyə təhlükəli kateqoriyasına daxil olub.
Vilayətdə ən yüksək səviyyə təhlükə kateqoriyasına daxil olan şəhərlər Urmiyə, Poldəşt, Xoy, Şot, Salmas, Sulduz, Qoşaçay, Üşnü və Sərdəştdir. Bu şəhərlərdə zəruri peşələr xaricində bütün bizneslər bağlanıb. Alınan bu tədbirlərə əlavə olaraq vilayət nəqliyyat idarəsinin sədri yoluxma şübhəsi olan şəxslərin noyabrın 23-dən etibarən şəhərlər arasısəfərlərinə qadağa qoyulduğunu açıqlayıb.
Şərqi Azərbaycan və Təbriz şəhərində pandemiyanın təhlükəli səviyyəsi bütün vilayət rəsmiləri tərəfindən etiraf edilsə də, rəsmi və dəqiq statistikalar verilmir.
Noyabrın 21-də İLNA xəbər agentliyi Şərqi Azərbaycan səhiyyə idarəsinin rəsmilərinə istinadən hər gün vilayətdə 500 nəfərdə koronavirus aşkarlandığını və bu regionun aylar öncədən bəri ən yüksək təhlükə kateqoriyasında yer alan vilayətlərdən biri olduğunu bildirib.
Şərqi Azərbaycan vilayətinin 3 şəhəri xaric bütün şəhərləri təhlükəli və yüksək təhlükəli kateqoriyada yer almaqdadır. Təbriz, Üskü, Şəbistər, Əcəbşer, Mərənd, Məlikan, Miyana, Heris, Binab ən yüksək təhlükəli kateqoriyada yer alan şəhərlərdir.
Təbrizdə bütün park və əyləncə məkanlarına giriş qadağası qoyulub.
Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmməd Hüseyn Somi noyabrın 24-də verdiyi məlumatda karantin rejiminin bərpasından sonra xəstəxanalara müraciətin 10 faiz azaldığın bildirərək, vilayətdə hər gün 19 nəfərin virusa yoluxaraq həyatını itirirdiyini açıqlayıb.
Noyabrın 24-də vilayətin pandemiya ilə mübarizədə son vəziyyətin ağır olduğunu söyləyən Ərdəbil vilayətinin səhiyyə idarəsinin rəhbəri Dr. Şəhram Həbibzadə vilayətdə xəstəxana və digər müalicə mərkəzlərinin tutumunun dolduğunu da açıqlayıb.
“Son sutkada 17 nəfər vilayətdə həyatını itirib ki, bu, öncəki gündən 4 nəfər daha çoxdur. Həbibzadə ağır vəziyyətdə olan yoluxanların sayı artımının narahatedici olduğunu bildirib.
İran Səhiyyə Nazirliyi ölkənin pandemiyanın 3-cü dalğasında olduğunu bildirir. Noyabr 24-də Səhiyyə Nazirliyinin sözçüsü son sutkada 13 min 721 nəfərin virusa yoluxduğunu və 483 nəfərin həyatını itirdiyini söyləyib. Sözçü həmçinin pandemiyanın basından bəri ölkədə virusa yoluxan vətəndaşların ümumi sayının 880 min 542 və həyatını itirənlərin sayının 45 min 738 nəfər olduğunu bəyan edib.