İran Azərbaycanında kütləvi aksiyalarla əlaqədar həbslər davam edir
Keçən aydan bəri İranın tamamında baş qaldıran kütləvi etirazlarla əlaqədar İran Azərbaycanının müxtəlif bölgələrində həbslər davam edir.
Bölgədən Amerikanın Səsinə məlumat göndərən hüquq müdafiəçiləri keçən günlərdə Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində tutulanlar arasında Yaşar Əkbərzadə, Arəş İffəti, Meysəm Beheşti, Ramin Behzad, Məhəmməd Colani, Səccad Qane Müqəddəm, Cavad Əhmədi Yekənli, Bəhram Yaqubi, Melika Qaragözlü, Firuz Müini və Yusuf Kari kimi fəalların olduqlarını bildiriblər.
Sosial şəbəkələrdə Məhəmməd Colani və Səccad Müqəddəmin Ərdəbildə saxlanıldıqları zaman məmurlar tərəfindən maşınlarına silahla atəş açıldığına dair xəbərlər yayılıb.
Hüquq müdafiəçiləri keçən günlərdə Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Həmədan şəhərləri başda olmaqla İran Azərbaycanının müxtəlif şəhər və qəsəbələrində onlarla vətəndaşın həbs edildiyini, ancaq tutulanlardan sadəcə bəzi tanınmış fəalların adlarını əldə edə bildiklərini deyirlər.
Kütləvi aksiyaların başladığından bəri İran Azərbaycanında saxlanılan fəallardan bəziləri, o cümlədən Təbrizdə rejissor Məhəmməd Siyaməkniya, Ərdəbildə Möhsün Möhsünzadə və Məlikanda Mehdi Purkərim, Əmirhüseyn Xəlilzadə və Meysəm Zəhmətkeşin mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıblar.
Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.
Hüquq müdafiəçiləri aksiyalar ilə əlaqədar İran Azərbaycanında yüzlərlə vətəndaşın saxlanıldığını deyirlər. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli Təbriz kimi şəhərlərdə aksiyalar zamanı yaralanan bir çox etirazçının nəzarət altına alınaraq hərbi xəstəxanalara yerləşdirildiyini bildirib.