Qərbi Azərbaycanda ‘irqçiliyin simvolu hesab edilən heykəllər’ haqda reportaj hazırlayan jurnalist tutulub
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, “fəalın hansı səbəblə tutulduğu və hansı ittihamlara məruz qaldığı bəlli deyil. Lakin, onun Maku şəhərinin əsas meydanında bir heykəlin yerləşdirilməsini tənqid etdiyi söylənilir.”
HRA jurnalistin Maku həbsxanasına göndərildiyini bildirib.
Yavər Sultani iyul ayının 2-də “Maku Times” adlı Instagram hesabında paylaşdığı bir videoda Maku şəhərinin Həftə meydanında yerləşdirilmiş şair Firdovsinin heykəlini irqçiliyin simvolu olaraq dəyərləndirib. O, Makunun həftə meydanında çəkdiyi həmin videoda ABŞ və Avropada irqçilik və müstəmləkəçiliyi nümayiş etdirən heykəllərin etirazçılar tərəfindən götürülməsinə diqqət çəkərək deyir ki, Corc Floydun ölümü bahanə oldu ki, irqçiliyin çirkin üzü daha dərin düşünülsün.”
Maku şəhərinin Həftə meydanında yerləşdirilən Firdovsi heykəli bir müddət əvvəl götürülüb, daha sonra yenidən yerləşdirildi.
10-11-ci əsrlərdə yaşamış böyük fars şairi Əbülqasım Firdovsi İran Azərbaycanında anti-türk xarakteri ilə tanınır.
Yavər Sultani paylaşdığı videoda heykəlin götürülməsini sevinclə qarşılayaraq deyir ki, “Maku şəhər şurası İran tarixində irqçiliyin təməl daşı olan Firdovsinin heykəlini buradan götürüb və ümid edirik heç vaxt qaytarmasın.”
Heykəl bir neçə gün əvvəl yenidən həmin meydana qaytarılıb. Maku şəhər şurasının açıqlamasına görə, heykəl “baxım və təmir üçün” götürülübmüş.
VOA