İran Azərbaycanında həbs olunan etirazçılardan yeni adlar məlum olub
İyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan etirazçılardan yeni adlar yayılıb.
Hüquq müdafiəçiləri Hadi Məhəmmədi, Vəhid Məhəmmədi, Hüseyn Qaracadaği və Cavad Dehqanın adlarını bazar ertəsi günü yayıblar. Hər dörd fəalın iyulun 24-də Təbrizdə nəzarət altına alındığı bildirilir.
“Bu fəallardan Hadi Məhəmmədi 2 gün nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Vəhid Məhəmmədi, Hüseyn Qaracadaği və Cavad Dehqan isə Təbrizin mərkəzi həbsxanasına köçürülüblər,” İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin saytında dərc edilib.
Təqribən 2 həftədir İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçının öldürüldüyü bildirilir. Türk fəallar keçən həftədən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini şənbə günü iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri şənbə günü Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri qapatmışdı.
Daha əvvəl həmin etirazlarla əlaqədar saxlanılanlardan Ulduz Qasımi, Məhəmməd Mahmudi, Siyamək Kuşi, Pərviz Siyabi, Nadir Sadıqiyan, Yusuf Sələhşur, Məhəmməd Mərdi, Davud Rəhimi, Kərim İsmailzadə, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Muctaba Abduli, Şəhruz Bərzgər, Əşkan Səadətmehr və Əkbər Quluzadə kimi vətəndaşların adları yayılmışdı.
Şənbə günü iyulun 24-də Təbrizdə baş tutan etiraz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad ittihad” və “haray haray mən türkəm” kimi şüarlar səsləndiriblər.
VOA