İran Azərbaycanında doğum səviyyəsi sürətlə azalır
İran Azərbaycanı vilayətlərində ailələrdə uşaq sahibi olmaq istəyi azalmaqla yanaşı yaşlı əhalinin sayının artması rəsmilərin bu barədə narahatlığına səbəb olub.
Ərdəbil Tibb Elmləri Universiteti Ailə Sağlamlığı şöbəsinin müdiri Hüseyn Şərifi vilayətdə doğum nisbətinin son 5 il ərzində 2.2-dən 1.7-yə azaldığını bildirərək, “ailələrin uşaq dünyaya gətirməyə meylsiz olduğunu” ifadə edib.
Şərqi Azərbaycan vilayətində isə əhalinin artım tempinin mənfi olduğu bildirilir. Şərqi Azərbaycan ölkənin ən çox sayda yaşlı əhaliyə sahib olan 5-ci vilayətidir.
Doğum sayının azalması sadəcə İran Azərbaycanında deyil, ölkənin bir çox vilayətində də müşahidə edilir. Ölkədə ümumilikdə doğum nisbəti son statistikaya görə, reproduktiv yaşda olan hər bir qadına təxminən 1,7 uşaq kimi göstərilir. Bu rəqəm isə ölkə əhalisinin sayının əvəzetmə nisbətinə çatmadığını və bu şəkildə davam edəcəyi təqdirdə əhalinin yaşlanması və sayının tədricən azala biləcəyini göstərməsinə işarə edir.
Ölkədə iqtisadi problemlərin artması, inflyasiyanın sürətlə yüksəlməsi və dolanışıq çətinliklərinə əlavə olaraq, təxminən son 2 il ərzində koronavirus pandemiyasının gətirdiyi çətinliklər ailələrdə uşaqların sayının artması meyllərinin xeyli azalmasına səbəb olub.
Urbanizasiyanın inkişaf etdiyi Tehran kimi şəhərlərdə doğum nisbətinin daha az olduğu müşahidə edilir və əvəzetmə dərəcəsindən çox aşağı səviyyədə yer alır. Milli Statistika Mərkəzinin verdiyi məlumata görə, 23 vilayətdə doğum nisbəti əvəzetmə dərəcəsi səviyyəsindən aşağıdr.
Əvəzetmə dərəcəsi əhali sayının nəsildən-nəslə sabit qalması üçün lazım olan ümumi doğum nisbəti ilə ölçülür.
BMT-nin açıqladığı standartlara görə, ölkədə hər bir qadına təxminən 2,1 uşaq düşdüyü halda əvəzetmə dərəcəsi təmin edilir və ölkə əhalisinin sayı sabit qalır.
Qərbi Azərbaycan Vətəndaş Qeydiyyatı İdarəsinin baş direktoru keçən ilin yanvarında son 9 ayda qeydə alınan doğum statistikasına istinad edərək deyib ki, “bu il vilayətdə 41 min 733 doğum qeydə alınıb ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% azalma olduğunu göstərir”.
Zəncanın Vətəndaş Qeydiyyatı İdarəsinin baş direktoru may ayında vilayətdə əhalinin artım nisbətinin azaldığını bildirərək, bunun səbəbini ailələrin dolanışıq problemləri ilə əlaqəli olduğunu bildirmişdi
VOA