Instagram qadağası İran parlamentinin gündəmində
Son zamanlar İranda ən populyar və istifadəsi cəmiyyət üçün azad olan sosial media səbəkələrindən olan Instagram-a qadağa məsələsi ölkə parlamentinin gündəmindədir.
İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi keçən gün parlamentdə deputatlarla görüşdə deputatların və parlament rəhbərinin tənqidləri ilə üzləşib. Deputatlar Instagram sosial şəbəkəsinin istifadəsinə qadağan qoyulmadığı üçün naziri tənqidi ediblər. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, “milli, ictimai, sosial və mənəvi təhlükəsizliyimiz milli informasiya şəbəkəsindən asılıdır”. Qalibafın işarə etdiyi milli informasiya şəbəkəsi, İranda milli internet adı ilə də tanınan internet sistemi daxili intranet şəbəkəsidir.
Instagram-dan istifadəyə qadağan qoyulmasını istəyən Tehranın bir deputatı parlamentdə çıxışında deyib: “İnşallah bu baş verəcək. İnstagram və Telegramın açıq sahəsi gənclərə təlükəlidir, bu isə hökumət üçün zərərvericidir. Hüquq komissiyası yaradılarsa, Instagram-ın qadağan olmasını ciddi şəkildə irəli aparacayıq.”
Nazir Azəri Cahromi deputatların tənqidlərinə cavab olaraq, “Instagram-ın səhv siyasət və digər sosial mediaların qadağan edilməsi nəticəsində bir mərkəz halına gəldiyini” vurğulayıb və “sosial şəbəkələrə əl atmaq və bağlamaqla hər şey həll olunmayacağını” ifadə edib.
İranda Facebook, Twitter, Youtube və Telegram messencer xidməti qadağandır və Instagram hazırda əlçatan yeganə sosial media xidmətidir. Ölkədə 45 milyon istifadəçisi olduğu təxmin edilən ən populyar sosial media xidməti olan Telegram qadağan olsa da, bir çox istifadəçi hələ də anti-filter proqramları vasitəsi ilə bu messencerdən istifadə edirlər.
Telegram İranda Viber və Line messencer xidmətlərinə qadağa qoyulduqdan sonra istifadəçilərin üz tutduğu və qısa zamanda ölkədə populyarlaşan şəbəkə oldu. 2017-2018 illər arasında İranda etirazlardan sonra 2018-ci il aprelin 30-da Telegram-dan istifadəyə qadağa qoyuldu.VOA