İmad Həzrəti: Qaşqay türklərinə basqı olduqca çoxalıb
Qaşqay türk fəal İmad Həzrəti Amerikanın Səsi ilə söhbətdə İranda Qaşqay türklərinin üzləşdiyi ayrı-seçkiliklər və çətinliklər haqqında danışıb. O, həmçinin son vaxtlar Qaşqay türk mədəni fəalların nəzarət altına alınmasını şərh edib.
“Son vaxtlar Qaşqay türklərinə də basqı olduqca çoxaldı. Özəlliklə də Qaşqay milli fəalları yəni öz millətləri üçün fəaliyyət göstərən, türklükləri üçün fəaliyyət göstərən bir qrup, eyni gündə fərqli-fərqli şəhərlərdə tutuldular,” fəal söyləyir.
Həzrətinin bu sözləri şair və türk dili tədqiqatçısı Əvəzullah Səfəri Kəşküli və mədəni fəallar İsmail Musalı, Casim Bahadıri Səkkiz, Səməd Avayxoş və Həmid Həzrətinin nəzarət altına alınmasına işarədir. Fəallar noyabrın 14-də səhər saatlarında Şiraz, Firuzabad və Kuhçınar şəhərlərindəki evlərində saxlanılıb və təqribən bir həftə nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
İmad Həzrəti müsahibədə şair Səfəri Kəşküli və nəzarət altına alınan digər Qaşqay türklərinin fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Oktyabr ayında Qaşqay türklərinin tanınmış alimi Əsədulah Mərdani Rəhiminin Şirazda keçirilən dəfn mərasimində Qaşqay türkləri üzərində “Türk azad yaşar” və “Yolumuz türkcəçilik” kimi plakatlar nümayiş etdirib, habelə “Azadlıq, ədalət, milli hökümət” şüarını səsləndirmişdilər.
“Cənazə mərasimində ‘Azadlıq, ədalət, milli hökümət’ şüarının getməsi məncə İran hakimiyyətinə çox ağır gəldi. Onun da səbəbi bu şüarın Azərbaycandan çıxmasıdır,” İmad Həzrəti söyləyir.
O, Qaşqay elində ‘el atası’ kimi tanınan mərhum Əsədullah Mərdaninin Qaşqay türklərinin milli və mədəni oyanışında önəmli yerə sahib olduğunu vurğulayır:
“Əsədullah Mərdani bizə öyrətdi ki, biz də dilimizi yaza bilərik. Biz öyrənmişdik ki, bizim dililimiz yazılmaz. Sadəcə fars dili yazılar, sadəcə fars dili oxunar. Amma o, gəldi öyrətdi ki, bizim dilimiz yazılacaq… Bizim ‘el atası’ ləqəbi verdiyimiz Əsədullah Mərdani türklüyümüzü və türkçülüyü bizə dil üzərindən öyrətdi. Cənazə mərasimində olan ‘Yolumuz türkcəçilik’ şüarı əslində Əsədullah Mərdaninin düşüncələrindən çıxırdı. O, bizə öyrətdi ki, bir millət özü olmalı, öz dilini yazmalı, öz haqlarına yetişməlidir, hər hansı başqa millətə sayğısızlıq etmədən. Deyərdi ki, Qaşqay Eli yox olmaz, çünki, arxasında türkcə vardır.”
Qaşqay türkləri, İmad Həzrətinin dediyinə görə, “çox dağınıq bir coğrafiyada yaşayırlar. Amma, ümumiyyətlə [Fars vilayətinin] Şiraz və Firuzabad şəhərlərində mərkəzləşiblər. Bundan əlavə İsfahan, Kohgiluyə, Xuzistan, Buşehr, Bəndər-Abbas və hətta Kirmanda yəni, çox dağınıq bir coğrafiyada yaşayırlar.
Həzərtinin sözlərinə əsasən, Qaşqay türkləri İranın digər qeyri-fars icmaları kimi dil və mədəniyyətləri ilə əlaqədar məruz qalıqları ayrı-seçkiliklər xaricində əlavə təzyiqlər ilə də üzləşirlər.
“Qaşqay türklərinin təqribən 10 faizi hələ köçəri həyatı yaşayır. Bəzi yerlərdə onların köçünün önünü əngəlləyib, bəzi yerlərdə də zorla köç etdirirlər. Bəzi şəhərlərdə ayrı insanları gətirib Qaşqay türklərinin torpaqlarına yerləşdirmişlər. Bütün bu oyunlar Qaşqay türklərinin bir-birinə yaxın olmaması və onlara qarşı assimilyasiya və dağıtma siyasətinin daha sürətli və daha güclü şəkildə yürüdülməsi üçün həyata keçirilir. Məsələn Həleyqan bölgəsində Dərəşorlu tayfasının çox dəyərli və verimli bir qışlaqlarından birini ki, nefti var və turist bölgəsidir, gəldilər orada Qaşqay türklərini köç etməyə zorladılar. Səs faylı var ki, məmur açıq deyir ki, türk burada olmamalıdır,” İmad Həzrəti əlavə edir.