İki milli fəalın məhkəmə hökmü açıqlanıb
Milli fəallar Höccətül-İslam Əzimi Qədim və Əli Bağırinin haqqında məhkəmə milli fəalların təqibinə son vermək və ertələmək qərarı verib.
Amerikan səsinin İran Azərbaycanındakı İnsan haqları müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, İranın xüsusi ruhani məhkəməsi Höccətül-İslam Əzimi Qədim və Əli Bağırini İran ali dini liderinə təhqir ittihamından bəraət qazandırıb, ancaq irəli sürülən “sistemə qarşı təbliğat aparmaq” və “yalan məlumat yayaraq ictimai rəyi rahatsız etmək” ittihamlarından milli fəalların təqibini dayandırıb.
Milli fəallar Əzimi Qədim və Bağıri 2017-ci il yanvarın 7-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, 4 aya yaxın nəzarətdə qaralaq 400 və 200 milyon tümənlik zəmanət qarşılığında may ayında müvəqqəti sərbəst buraxılmışdılar. Milli fəalların həbsi zamanı 60 gün müddətində onların ailələri ilə görüşmələrinə izin verilməmişdi.
Ötən həftələr milli fəallar İranın özəl ruhani məhkəməsinə çağırılmışdı.
GÜNAZ TV-nin yayımladığı məlumata istinadən, Əzimi Qədim 2017-ci ilin mayında müvəqqəti sərbəst buraxılmadan öncə “İran parlamentində Türk Bölgələri Fraksiyasının təşkil olmasına dəstək”, “Telegram sosial mediasında fəaliyyət göstərmək” və “İran televiziyasında türklərə təhqir edən fitilə verilişinə etiraz” ittihamları ilə üzləşmişdi.
Milli fəal və eyni zamanda din xadim Əbdüləziz Əzimi Qədim daha öncə də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs cəzasına məhkum edilmişdi.
İlk olaraq 2005-ci ildə İranda məşrutəni anma tədbirində iştirak etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Əzimi Qədim 18 ay həbs və 5 il sürgündə yaşamağa məhkum və 10 il isə din xadimi paltarı geyməkdən məhrum edilmişdi.
O, 2012-ci ilin dekabrında Marağa şəhərində İran və Ermənistan əlaqələrinin sürətlə inkişafına etiraz olaraq keçirilən aksiyada təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 3 aya yaxın nəzarətində qalmışdı. Daha sonra Əzimi Qədim Təbriz Özəl Ruhani məhkəməsi tərəfindən “qeyri-qanuni aksiyada iştirak etmək” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə 7 ay həbs cəzasına məhkum edilmişdi.
Əzimi Qədimə qarşı təzyiqlər beynəlxalq insan haqları quruluşlarının diqqətindən qaçmayıb, İran İslam Respublikasına qarşı reaksiyalarına səbəb olmuşdur. Amnesty International təşkilatı 2005-2006 illərində onun haqqında üç dəfə bəyanat yaymışdı.