İki güneyli siyasi məhbus Yusuf Kari və Mehrdad Şeyxi sərbəst buraxılıb
Bölgədə fəaliyyət göstərən İnsan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, iyunun 28-də Ərdəbil Həbsxanasında saxlanılan Güneyli milli fəallardan Yusuf Kari və Mehrdad Şeyxi sonu azadlığa bağlanan məzuniyyətə buraxılıblar.
Cəzanın bitməsi ilə əlaqədar olan bu məzuniyyət bir halda bu fəallara verilib ki, Yusuf Karinin 2 illik həbs cəzasından 50 gün və Mehrdad Şeyxinin 6 aylıq həbs cəzasından isə 20 gün qalıb.
Aprel ayının 27-də Ərdəbil Həbsxanasının səlahiyyətliləri bu həbsxanada saxlanılan iki milli fəal Yusuf Kari və Mehrdad Şeyxi ilə görüşərək, onlara yazılı təəhhüd məktubu imzalamaq qarşılığında sərbəst buraxılmalarını təklif etmişdilər ancaq milli fəallar bu təklifi rədd etmişdilər.
Azərbaycanlı fəal Yusuf Kari 2019-cu ilin sentyabr ayının 3-də Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. O, ilkin məhkəmə tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada üzv olmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi, lakin daha sonra Apellyasiya Məhkəməsi milli fəalın 6 illik həbs cəzasını 2 ilə endirdi.
2019-cu ilin noyabr ayında İranın bütövündə baş qaldıran kütləvi etirazlarla əlaqədar Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Mehrdad Şeyxi isə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra bu hökm Apellyasiya Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına endirilmişdi.
VOA