İki güneyli fəal ümumilikdə 11 il müddətində həbs cəzasına məhkum edilib
Güneyli siyasi fəallar Musa Ziya Gərgəri 1, Muxtar İbrahimi isə 10 il həbs cəzasına məhkum ediliblər.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, İran Azərbaycanın Sulduz (Nəğədə) şəhərində yaşayan milli fəal Seyid Ziya Gərgəri bir və Marağa şəhərində yaşayan milli fəal Muxtar İbrahimi isə on il həbs cəzasına məhkum edilib.
Muxtar İbrahimi “Sistemə qarşı qruplar yaratmaq və sistemə qarşı olan kanallara və qruplara üzv olmaq” ittihamına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Musa Ziya Gərgəri isə “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunub. Bu məlumatı Marağa İnqilab Məhkəməsinin hakimi Cabbari milli fəalların vəkilinə şifahi şəkildə bildirib.
Muxtar İbrahimi avqustun 26-da İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 21 gün nəzarət altında sorğu-sual edildikdən sonra Marağa həbsxanasına köçürülmüşdü. Bir müddət həbsxanada saxlanılan İbrahimi girov qarşılığında müvəqqəti olaraq məhkəmənin yekun qərarına qədər sərbəst buraxılmışdı.
Musa Ziya Gərgəri isə sentyabrın 16-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və dindirilmək üçün Təbrizdəki kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü. Daha sonra Marağa həbsxanasına köçürülən Gərgəri oktyabrın 7-də girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Musa Ziya Gərgəri və Muxtar İbrahimi indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.
VOA