Həmədanlı yazar Əlirza Nuri həbsxanaya köçürülüb
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, fevralın 11-də Həmədan şəhərindən olan yazıçı və İran Yazıçılar Birliyinin üzvü Əlirza Nuri iki illik həbs cəzasının tətbiq edilməsi üzrə Həmədan həbsxanasına köçürülüb.
Nuri cümə axşamı günü İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən öz evindən tutularaq həbsxanaya aparılıb. Onun Həmədan Məhkəməsinin icra bölməsinin 5-ci şöbəsinin əmri ilə həbs edildiyi bildirilir.
Əlirza Nuriyə qarşı məhkəmə iddiası 2016-cı ildə açılıb. O, 2017-ci ildə Həmədan Cinayət Məhkəməsinin 104-cü şöbəsi tərəfindən “dinin müqəddəs simvollarını təhqir etmək” ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasına məhkum edilib.
7 kitabın müəllifi olan yazıçıya qarşı irəli sürülən bu ittiham ona aid olan və sosial şəbəkələrdə yayımlanan bəzi şeirlərindən qaynaqlanır. Şair və yazıçı, ona qarşı irəli sürülən bu ittihamı qəbul etməsə də, apellyasiya Məhkəməsi 2017-ci ildə ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb.
VOA
Nuri ötən ilin iyun ayında hökmünün icrası üçün Həmədan Məhkəməsinin hökmlərin icrası bölməsinin 5-ci şöbəsinə çağırılmış, lakin pandemiya səbəbi ilə əlaqədar olaraq onun hökmünün icra edilməsi təxirə salınmışdı.
Son illər ərzində İran Yazıçılar Birliyinin üzvlərindən daha öncə 4 yazıçı və jurnalist həbs edilib.