Honq Konq kitabxanalarından demokratiya fəallarının kitabları götürülür
Honq Konqda tanınmış demokratiya fəalları tərəfindən yazılmış kitablar Pekinin milli təhlükəsizliyə dair yeni qanunu tətbiq etməsindən sonra onlayn kataloqlara əsasən şəhər kitabxanalarından itməyə başlayıb.
Şəhərin ən tanınmış gənc fəallarından biri olan Coşua Vonq və demokratiya tərəfdarı qanunverici Tanya Çan kitabları əldə edilməsi mümkün olmayan müəlliflər arasındadır.
Pekinin milli təhlükəsizliyə dair yeni qanunu cərşənbə axşamı günündən tətbiq edilməyə başlayıb. Qanunla 1997-ci ildə Britaniya tərəfindən Çinə geri təhvil verilən yarı-muxtar şəhərin idarəetmə sistemində radikal dəyişikliklər edilir.
Çinin avtoritar liderləri yeni səlahiyyətlərin demokratiya tərəfdarlarının bir il davam edən etirazlardan sonra sabitliyin bərpa olunmasına yönələrək, azadlıqları məhdudlaşdırmayacağını və “çox kiçik azlığı” hədəf alacağını bildiriblər.
Lakin yeni qanun fikirlərini açıq ifadə etməyə alışmış şəhər sakinləri arasında qorxu yaranmasına gətirib çıxarıb. Polis müstəqillik, ya da daha geniş muxtariyyətə çağıran şüarlarla çıxış edən insanları həbs edib.
Coşua Vonq kitabların təhlükəsizlik qanununa əsaslanaraq kitabxanalardan götürüldüyünə inandığını deyib.
Şəhər kitabxanasının veb səhifəsində axtarışlar Vonq, Çan və yerli alim Çin Vanın müəllifləri olduğu azı üç adda kitabın şəhərdəki ondan çox kitabxanadan heç birində almaq mümkün olmadığını göstərir.
Fransa xəbər agentliyi AFP-in müxbiri şəhərin Vonq Tay Sin rayonundakı ictimai kitabxanasında bu kitablardan heç birini tapmadığını bildirib.
Şəhər kitabxanalarının da nəzdində olduğu əyləncə və mədəniyyət departamenti kitabların milli təhlükəsizlik qanununu pozub-pozmadığını müəyyənləşdirmək üçün kitabxanalardan götürüldüyünü bildirib.
Qanun təxribatçılıq, separatizm, terrorizm və xarici qüvvələrlə əlbir fəaliyyətlərə qarşı yönəlib.