Həmədan vilayətində etirazlarla əlaqədar 234 nəfər haqqında ittihamnamə hazırlanıb
İran agentlikləri Həmədan prokurorluğuna istinad edərək İranda iki aydan artıqdır davam edən ümummilli nümayişlər ilə əlaqədar Həmədan vilayətində 234 nəfərə qarşı ittiham irəli sürüldüyünü yazıblar.
Yarı-rəsmi Fars agentliyinin xəbərinə görə, Həmədan vilayətinin baş prokuroru Həsən Xancani cümə axşamı günü jurnalistlər ilə bir araya gələrək bu barədə məlumat verib.
Xancani indiyə qədər aksiyalar ilə əlaqədar 234 nəfər haqqında ittihamnamə hazırlandığını bildirib. Onun sözlərinə görə, vilayətin mərkəzi Həmədan şəhərində iki məhkəmə şöbəsi, vilayətin digər şəhərlərinin hər birində isə bir şöbə bu dosyelərə baxacaqlar.
Prokuror etirazçıları “iğtişaşçı və üsyançı” adlanıdırb və məhkəmə sisteminin onlara qarşı kəskin ölçülər götürdüyünü ifadə edib.
Həmədan vilayətinin baş prokuroru vilayətdə nümayişlər ilə əlaqədar tutulanların 5 faizinin hələ nəzarətdə saxlanıldığını, digərlərinin sərbəst buraxıldığını irəli sürüb.
Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb və on minlərlə insan saxlanılıb.
Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.