Güneyli tələbə fəal İbrahim Əhmədpurun həbsxanaya köçürüldüyü bildirilir
Təbrizdə türk tələbə fəal, Təbriz Universitetinin siyasi elmlər üzrə magistr tələbəsi İbrahim Əhmədpur dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, İbrahim Əhmədpur Təbriz polis qüvvələrinin Kəşfiyyat İdarəsinin təcridxanasında bir günlük sorğu-sualdan sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Məhkəmə onun müvəqqəti azadlığa buraxılması üçün 800 milyon tümən məbləğində girov qərarı çıxarıb.
Əhmədpur fevralın 27-də Təbrizin Saib küçəsində təhlükəsizlik qüvvələrinin Kəşfiyyat İdarəsinə çağırılmasından sonra həmin təcridxanada həbs edilərək dindirilib.
Son həftələrdə və İranda keçirilən ümummilli etirazlardan sonra İran Azərbaycanının universitetlərinin tələbələri təhlükəsizlik qüvvələri tərəfindən təzyiq və təhdidlərə məruz qalıb və etiraz aksiyalarında iştirak edən tələbələrin çoxu qovulmaq və məhkəmədə onlara qarşı iş açılması təhdidləri ilə üzləşiblər.